Astarada əkin aparılan torpaq sahələri 2,3 dəfə artırılıb
Astara, 31 yanvar, Bağır Əliyev, AZƏRTAC
Kənd təsərrüfatı məhsullarının istehsalını artırmaq üçün bütün mülkiyyət növləri üzrə torpaq fondundan səmərəli və məqsədyönlü istifadə edilməsi qarşıda duran mühüm vəzifələrdəndir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu fikir yanvarın 31-də Astara Rayon İcra Hakimiyyəti başçısı yanında keçirilən şura iclasında səsləndirilib.
İclasda rayon icra hakimiyyəti başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri İlqar Malıyevin Astara rayonunda kənd təsərrüfatına yararlı torpaqların əkin dövriyyəsinə cəlb edilməsi və bu sahədə görülmüş işlər barədə məruzəsi dinlənilib.
İlqar Malıyev dövlətimizin başçısının kənd təsərrüfatına yararlı torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi ilə bağlı verdiyi tapşırıqların icrasını təmin etmək məqsədilə Astara rayonunda əkinəyararlı torpaq sahələrinin təyinatına uyğun istifadə olunması və ərzaq bolluğunun yaradılması istiqamətində müəyyən işlərin görüldüyünü vurğulayıb. Qeyd olunub ki, 2017-ci il sentyabrın 3-də Prezident İlham Əliyevin sədrliyi ilə Lənkəran şəhərində çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə həsr olunmuş respublika müşavirəsində dövlətimizin başçısının proqram xarakterli nitqi cənub bölgəsində, o cümlədən Astarada aqrar bölgənin inkişafı üçün güclü stimul yaradıb.
Diqqətə çatdırılıb ki, 1995-ci ildən başlayaraq rayonda kənd təsərrüfatına yararlı torpaq sahələrinin ümumi sahəsində və əkin aparılan torpaq sahələrinin kəmiyyət göstəricilərində artım müşahidə olunub. Həyata keçirilmiş tədbirlər nəticəsində rayonda əkin aparılan torpaq sahələri 2,3 dəfə artırılıb.
Əkin zamanı rayon üçün xarakterik olan çay, çəltik və sitrus bitkiləri sahələrinin genişləndirilməsinə diqqət artırılıb. Sututarlara yaxın ərazilərdə və çay vadilərində çəltik, rayonun dağlıq ərazisində meşə ilə örtülü olmayan torpaqlarda isə sitrus bitkiləri əkilib. Ümumilikdə, 1500 hektara yaxın torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib. 2017-ci ildə rayonda çəltik əkilən sahələr üç dəfədən çox artıb, 774 hektar yeni sitrus bağları salınıb.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edərək regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin nitqindən irəli gələn vəzifələrdən danışıb. Bildirib ki, 2004-2017-ci ildə cəmiyyət həyatının bütün sahələri yenilənib və müasirləşib, əhalinin rifah halı müqayisəolunmaz dərəcədə yaxşılaşıb, sabitlik və təhlükəsizlik mühiti tam təmin edilib, ölkənin beynəlxalq nüfuzu artıb.
Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarının uğurla icra edildiyini, bölgələrin hərtərəfli inkişafı üçün məqsədəuyğun tədbirlərin görüldüyünü və böyük nəticələr əldə olunduğunu vurğulayan Q.Ağayev ölkəmizin liderliyi ilə həyata keçirilən nəhəng transmilli layihələrin regionun və ümumilikdə, Avrasiyanın enerji və nəqliyyat xəritəsini dəyişdiyini diqqətə çatdırıb.
Rayonda ənənəvi təsərrüfat sahələrinin genişləndirilməsi ilə yanaşı, yeni təsərrüfat sahələrinin də yaradıldığını qeyd edən icra hakimiyyətinin başçısı əkinəyararlı torpaq sahələrinin az olduğu Astarada aqrotexniki tədbirlər sayəsində məhsuldarlığın artırılmasını qarşıda duran mühüm vəzifələrdən biri kimi vurğulayıb.
Astarada çayçılıq, sitrusçuluq və çəltikçiliyin inkişafı ilə bağlı mühüm tədbirlərin həyata keçirildiyini diqqətə çatdıran Q.Ağayev rayonda gündəlik istehsal gücü 40 ton olan çəltik zavodunun tikiləcəyini bildirib.
İclasda Prezidentin Sərəncamı ilə kənd təsərrüfatının inkişafında xidmətlərinə görə II dərəcəli “Əmək” ordeni ilə təltif edilmiş “Sun Tea çay fabriki” MMC-nin Astara çay fabrikinin icraçı direktoru Nizami Rəsulova mükafat təqdim olunub.