REGİONLAR
Astarada hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib
Astara, 22 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara şəhərindəki Gənclər Evində hərbi xidmətdən tərxis olunan gənclərlə görüş keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, gənclər və idman idarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları, şəhid ailələri, müharibə veteranları, Qarabağ müharibəsi əlilləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Tədbirdə torpaqlarımızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olan həmyerlilərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon icra hakimiyyəti başçısı aparatının ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Mərasim Hacızadə Milli Ordu sıralarında xidmət edən astaralı gənclərin Vətən qarşısında borclarını ləyaqətlə yerinə yetirdiklərini bildirib. O, aprel döyüşlərində misilsiz şücaət göstərmiş Pəncəli Teymurovun döyüş yolu barədə danışıb.
Rayon icra hakimiyyəti başçısı aparatının şöbə müdirləri Xanverdi Şirinov, Bəsti Əliyeva, gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Astara rayon şöbəsinin sədri Rafiq Əliyev, aprel döyüşlərində qəhrəmanlıq göstərərək şəhid olan Pəncəli Teymurovun qardaşı Famil Teymurov, Qarabağ əlili, “Azərbaycan bayrağı” ordenli Tofiq Kazımov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rayon şöbəsinin rəisi, polkovnik-leytenant Kənan İsgəndərzadə hərbi xidmətdən tərxis olunan gəncləri Vətən qarşısındakı müqəddəs borclarını layiqincə yerinə yetirdiklərinə görə təbrik ediblər.
Sonda hərbi xidmətdə fərqlənən gənclərin bir qrupuna fəxri fərmanlar verilib.