REGİONLAR
Astarada ilk dəfə böyrək köçürmə əməliyyatı keçirilib VİDEO
Astara, 29 oktyabr, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub.
AZƏRTAC xəbər verir ki, oktyabrın 29-da Astara rayonunun Kijabə qəsəbə sakini 1988-ci il təvəllüdlü, xroniki böyrək çatışmazlığından əziyyət çəkən Babayeva Vüsalə Elşad qızına anası, 1966-cı il təvəllüdlü Qənbərova Nazilə Əyyub qızından götürülmüş böyrək köçürülüb.
Əməliyyat uğurlu olub. Hazırda xəstəxananın reanimasiya şöbəsində olan ana və qızının vəziyyəti yaxşıdır.
Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin müdiri, həkim briqadasının rəhbəri, tibb elmləri üzrə fəlsəfə doktoru Mir Cəlal Kazımi bildirib ki, əməliyyatdan əvvəlki hazırlıqlar, uyğunluq testləri aparıldıqdan sonra xəstənin əməliyyat olunmasına qərar verilib. Əməliyyat 4 saata yaxın davam edib.
Həkim-cərrah Eldar Əhmədov isə bildirib ki, donorun gələcək həyatı üçün hər hansı bir təhlükə yoxdur.
Qeyd edək ki, böyrək köçürülməsi əməliyyatı Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsi və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə oktyabrın 16-dan başlayaraq Astara Rayon Mərkəzi Xəstəxanasında təşkil olunan tibbi aksiya çərçivəsində keçirilib.
Humanitar aksiya zamanı Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkim briqadaları tərəfindən Astara şəhərində, rayonun qəsəbə və kəndlərində 800 nəfərə yaxın insanın tibbi müayinədən keçməsi təmin edilib, Astara Rayon Xəstəxanasında isə bir neçə əməliyyat icra olunub.
Mərkəzi Neftçilər Xəstəxanasının Cərrahiyyə və Orqan Transplantasiyası Şöbəsinin həkim briqadası tərəfindən Cəlilabad, Quba, Qəbələ, Şamaxı, Şirvan və Naxçıvan şəhərlərində də böyrək transplantasiyası əməliyyatları həyata keçirilib.