REGİONLAR
Astarada multikulturalizm və tolerantlıq mövzusunda müzakirələr aparılıb
Astara, 16 dekabr, Bağır Əliyev, AZƏRTAC
Astara Pedaqoji Kollecində Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin təşkilatçılığı ilə “Azərbaycanda multikulturalizm və tolerantlıq: əcnəbilər üçün yaradılmış şərait” mövzusunda tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, toplantıda çıxış edən kollecin direktoru Yusif Şahnamazov 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunması ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Astara rayonunda, o cümlədən rəhbərlik etdiyi təhsil müəssisəsində keçirilən tədbirlərin əhəmiyyətindən danışıb.
Dövlət Miqrasiya Xidmətinin Lənkəran Regional Miqrasiya İdarəsinin rəisi Səmədağa Abdullayev tədbir iştirakçılarına Xidmətin fəaliyyəti haqqında məlumat verib. Çıxışını tələbələrlə sual-cavab əsasında quran S.Abdullayev miqrasiya ilə əlaqədar mövcud qanunlar haqqında hər kəsin geniş biliyə malik olmasının vacibliyini bildirib.
Sonra regional idarənin əməkdaşı Ramil Bəşirovun mövzu ilə bağlı məruzəsi dinlənilib. Azərbaycanda əcnəbilərin səmərəli fəaliyyət göstərmələri üçün normal şəraitin yaradıldığını vurğulayan məruzəçi ölkəmizdə multikulturalizm və tolerantlıq sahəsində qazanılmış təcrübənin bütün dünya ölkələrinə nümunə olduğunu diqqətə çatdırıb.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.