CƏMİYYƏT
Astarada narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən heroin aşkar edilib
Astara, 28 yanvar, AZƏRTAC
Astarada narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.
Rayon polis şöbəsinin müstəntiqi Gündüz Abdulov AZƏRTAC-a bildirib ki, yanvarın 27-də rayon polis şöbəsinə narkotik vasitələrin satılması barədə əməliyyat məlumatı daxil olub. Bununla bağlı keçirilən operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Astara şəhər sakini, 28 yaşlı Emin Axundov saxlanılıb.
E.Axundovun üzərinə keçirilən baxış zamanı ondan dörd bükümdə 71,575 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb.
Dindirilmə zamanı Emin Axundov narkotik aludəçisi olduğunu və narkotik vasitəni özünün istifadəsi üçün aldığını bildirib.
Lakin şöbənin əməkdaşları onun bu ifadəsini özünümüdafiə kimi qiymətləndirərək, götürülən narkotik vasitənin şəxsi istehlak miqdarından çox olduğunu bildiriblər.
Gənc olmasına baxmayaraq Emin Axundov ikinci məhkumluq həyatını yaşamalı olacaq. Bundan əvvəl isə o, oğurluq etdiyinə görə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Faktla bağlı rayon polis şöbəsində cinayət işi açılıb, araşdırmalar aparılır.