REGİONLAR


Astarada şəhid ailələrinə fərdi yaşayış evlərinin orderləri təqdim olunub

A+ A

Astara, 30 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Sentyabrın 30-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Astara rayonunda inşa edilmiş 4 fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilib.

AZƏRTAC xəbər verir ki, yeni evlərin təqdim olunması mərasimlərində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Astara Rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Səncərədi kəndində keçirilən mərasimdə çıxış edən Əmək və Əhalisinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Astara rayon şöbəsinin müdiri Elbrus Abbasov, Astara Rayon İcra Hakimiyyəti başçısının müavini İlqar Malıyev, Qarabağ Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Astara rayon təşkilatının sədri Bayraməli Qasımov, şəhid atası Yəhya İsmayılov ölkəmizdə müharibə veteranlarına, əlillərə və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar.

Şəhid ailələrinin üzvləri onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərdən razı qaldıqlarını bildiriblər. Onlar göstərilən diqqət və qayğıya, bu gün isə yeni yaşayış evləri ilə təmin olunduqlarına görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev çıxışında ölkəmizdə bütün sosial proqramlar kimi, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı işlərinin də uğurla davam etdirildiyini bildirib.

S.Mehdiyev diqqətə çatdırıb ki, dövlətimizin başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ildə də respublikamızın müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin istifadəsinə verilib.

Bu ilin ötən dövründə artıq 241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.

Tədbirdə bildirilib ki, şəhid ailələrinin sosial ödənişlərlə təminatı da daim gücləndirilir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həmin ailələr Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar. 2007-ci ilin əvvəlindən təyin olunan bu təqaüdlərin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb.

Bununla yanaşı, şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət ödənilir, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Pensiya təminatı sahəsində də onlara qayğı ilə yanaşılır. Belə ki, yaşa görə əmək pensiyası təyin olunmuş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə hesablanır. Əmək və məşğulluq sahəsində qanunvericilikdə şəhid ailələrinin üzvləri üçün bir sıra güzəşt və imtiyazlar da müəyyən olunub.

Daha sonra tədbir iştirakçıları yeni yaşayış evlərinə baxış keçiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.