REGİONLAR
Astarada turizmin inkişafına gətirib çıxaracaq yeni yollar salınır VİDEO
Bakı, 3 iyul, AZƏRTAC
Astara rayonunda “Azəravtoyol” ASC tərəfindən Taxtanəkəran-Miki və Taxtanəkəran-Toradi avtomobil yollarının tikintisi işləri aparılır.
ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, çətin dağlıq relyefə məxsus kəndlərarası avtomobil yolu “Hirkan” milli parkının ərazisindən keçir.
Uzunluğu 26 kilometr olan avtomobil yolu IV texniki dərəcəyə uyğun salınır. Burada layihəyə uyğun olaraq yol 2 hərəkət zolaqlı olmaqla ümumi eni 10 metr təşkil edir. Bura həmçinin 6 metr hərəkət hissə və hər bir istiqamət üzrə 2 metr çiyinlər daxildir.
Hazırda yolboyu torpaq işləri görülür, yol yatağının inşası aparılır, aparılaraq bərpa edilir. Torpaq işləri yekunlaşdıqdan sonra yol əsasının tikintisi işlərinə başlanılacaq. Daha sonra 2 qat olmaqla yeni asfalt-beton örtüyünün döşənməsi işləri planlaşdırılır.
Bundan başqa, layihədə bir aşırımlı dəmir-beton konstruksiyalı 1 ədəd avtomobil körpüsünün tikilməsi də nəzərdə tutulub. Körpü yolun 12,4-cü kilometrində yerləşəcək. Körpünün uzunluğu 28 metr, eni isə 6 metr olacaq. Görülən işlərə uyğun olaraq yolboyu atmosfer və dağ sularının ötürülməsi üçün müxtəlif diametrli suötürücü borular quraşdırılıb.
Tikinti işləri tamamlandıqdan sonra sözügedən yola 134 ədəd yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, yol-cizgi və yol göstərici xətlərinin çəkilişi işləri aparılacaq.
Qeyd olunub ki, 12 min nəfər əhalinin yaşadığı 38 yaşayış məntəqəsini birləşdirən Taxtanəkəran-Miki, Taxtanəkəran-Toradi avtomobil yollarının yenidən qurulması vətəndaşların gediş-gəlişinin, yük və sərnişin daşımasının yaxşılaşmasına gətirib çıxaracaq, həmçinin sözügedən ərazilərdə yeni turizm marşrutlarının yaranmasına, bununla da turizmin inkişafına səbəb olacaq.