REGİONLAR
Astarada uşaq futbolunun inkişafı ilə bağlı maarifləndirici tədbir
AZƏRTAC xəbər verir ki, tədbirdə rayonun ümumtəhsil məktəblərinin 6-13 yaş arasında olan oğlan və qızlarını təmsil edən 190 nəfər məktəbli idmançı və onların məşqçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov, AFFA-nın birinci vitse-prezidenti, Açıq Əyləncəli Futbol Məktəblərinin ölkə üzrə rəhbəri Rauf Əliyev, Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, rayon gənclər və idman idarəsinin rəisi Ərçə Əliyev məktəbliləri idman bayramı münasibətilə təbrik ediblər.
Çıxış edənlər ölkəmizdə idmanın bütün növlərinə, o cümlədən futbola dövlət səviyyəsində böyük diqqət və qayğı göstərildiyi, Prezident İlham Əliyevin gənclərin sağlam böyüməsi üçün həyata keçirdiyi tədbirlər, bu istiqamətdə qəbul edilən Dövlət Proqramları barədə məlumat veriblər.
Azərbaycan Prezidentinin xeyir-duası ilə istifadəyə verilmiş Astara İdman Olimpiya Kompleksində keçirilən idman tədbirləri sırasında bu layihənin xüsusi əhəmiyyəti olduğu diqqətə çatdırılıb.
Çıxışlarda layihənin iştirakçısı olan məktəbli gənclər arasında gələcəyin beynəlxalq idman yarışlarının, dünya və Olimpiya çempionlarının iştirakçılarının yetişəcəyinə inam ifadə olunub.
Tədbir müxtəlif əyləncəli proqramlarla, o cümlədən uşaqlar arasında futbol yarışması ilə davam edib.