REGİONLAR


Astarada yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib

Astara, 14 iyul, Bağır Əliyev, AZƏRTAC

İyulun 14-də Astara Olimpiya İdman Kompleksində 16 yaşadək yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasına start verilib.

AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda ölkəmizin 40-dan çox şəhər və rayonunu təmsil edən 450 yeniyetmə şahmatçı iştirak edir.

İsveçrə sistemi üzrə ənənəvi keçirilən Şahmat Olimpiadasında yeniyetmələr iki qrupda - “A” və “B” qruplarında yarışacaqlar. “A” qrupunda 2001-2004-cü il təvəllüdlü oğlanlar və qızlar, “B” qrupunda isə 2005-ci il və aşağı yaş qrupunda olan yeniyetmələr doqquz gün ərzində qalib adı uğrunda mübarizə aparacaqlar.

Rayonun incəsənət ustaları yarış iştirakçılarını mahnı və rəqslərlə salamlayıblar.

Yeniyetmələr arasında Respublika Şahmat Olimpiadasının açılış mərasimi Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev yeniyetmə şahmatçılara qələbə sevincləri arzulayaraq bildirib ki, ümummilli lider Heydər Əliyevin banisi olduğu müstəqil Azərbaycan Respublikası Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkəmizdə idmana xüsusi diqqət və qayğı göstərilir. Gənclərimizin sağlam yetişməsi üçün bütün imkanlar yaradılıb.

Son illər respublikamızda keçirilən beynəlxalq əhəmiyyətli tədbirlər arasında idman yarışlarının xüsusi yer tutduğunu vurğulayan Q.Ağayev 2015-ci ildə I Avropa Oyunlarının, 2016-cı ildə Dünya Şahmat Olimpiadasının, bu il isə IV İslam Həmrəyliyi Oyunları və Formula-1 yarışlarının Azərbaycanda yüksək səviyyədə təşkil olunduğunu diqqətə çatdırıb.

Bildirilib ki, şahmat idman növünün respublikamızda geniş vüsət alması ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrünə təsadüf edir. Ümummilli Lider həmin illərdə şahmatın Azərbaycanda inkişafı üçün böyük işlər görüb, çoxsaylı şahmat məktəbləri tikilib. Həmçinin bu idman növü üzrə beynəlxalq turnirlərin respublikamızda təşkilinə nail olunub.

Diqqətə çatdırılıb ki, Prezident İlham Əliyev də ənənəyə sadiq qalaraq, ölkəmizdə bu idman növünün inkişafına öz dəstəyini verir. Belə ki, yeni şahmat məktəbləri tikilir, yeniyetmə və gənclərin şahmata marağını artırmaq üçün müxtəlif tədbirlər keçirilir, beynəlxalq yarışlar təşkil edilir.

Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Faiq Həsənov çıxışında Astarada ilk dəfə belə mötəbər yarışın keçirildiyini qeyd edərək, son illər ölkəmizdə şahmatın inkişafı ilə bağlı görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurlardan danışıb.

Yarışların baş hakimi, beynəlxalq dərəcəli hakim Azər İbrahimov Şahmat Olimpiadasının reqlamenti barədə iştirakçılara məlumat verib.

İyulun 22-dək davam edəcək yeniyetmələrin Respublika Şahmat Olimpiadasının qaliblərinə diplomlar və pul mükafatları veriləcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.