REGİONLAR
Astaradakı park-bulvar kompleksinin ərazisi genişləndirilir
Astara, 4 iyul, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan Respublikası Prezidentinin “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” 2017-ci il 8 iyun tarixli Sərəncamına müvafiq olaraq ərazidə tikinti işlərinə başlanılıb.
AZƏRTAC xəbər verir ki, Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi üçün Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3,0 (üç) milyon manat ayrılıb.
2014-cü ildə Astara şəhərində Xəzər dənizi sahili boyunca 6 hektar ərazidə salınmış park-bulvar kompleksin ərazisi 9 hektar artırılaraq 15 hektara çatdırılacaq.
İran İslam Respublikası ilə dövlət sərhədinə qədər sahil boyunca inşa edilən park-bulvar kompleksinin yeni ərazisində tikiləcək Bayraq Meydanı, mehmanxana və hotellər, idman və müxtəlif əyləncə mərkəzləri, xidmət obyektləri Astara şəhərinə xüsusi gözəllik verəcək.
Ərazidə, həmçinin uşaqların mənalı istirahətini təmin etmək məqsədilə uşaq əyləncə mərkəzlərinin, açıq fitnes meydançasının, fəvvarənin, amfiteatrın tikilməsi, müxtəlif attraksionların quraşdırılması nəzərdə tutulub.
Parkın əvvəlki hissəsindən fərqli olaraq yeni ərazidə dəniz sahilinə çıxışlar olacaq.
Astara şəhərində ərazisi genişləndirilən park-bulvar kompleksinin ikinci hissəsi bu il əhalinin istifadəsinə veriləcək.