REGİONLAR
Astaralı gənclər Novruz bayramını sərhədçilərlə bir yerdə qeyd ediblər
Astara, 18 mart, Bağır Əliyev, AZƏRTAC
Astara Sərhəd Komendatlığında keçirilən bayram tədbirində rayonun gəncləri baharın gəlişini sərhədçilərlə birgə qeyd ediblər.
AZƏRTAC xəbər verir ki, Lənkəran Sərhəd Dəstəsi, Astara Rayon Gənclər və İdman İdarəsi, rayon mədəniyyət mərkəzi, təhsil şöbəsi və şəhər bələdiyyəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Astara şəhər 1, 2, 3, 4, 5, 6, 7 nömrəli, Suparibağ, Səncərədi, Artupa kənd tam orta məktəbin şagirdləri, gənclər təşkilatlarının nümayəndələri, əsgər və zabitlər, müəllimlər, mədəniyyət işçiləri iştirak ediblər.
Bayram mərasimində çıxış edən Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərçə Əliyev sərhədçiləri elimizin ən gözəl bayramlarından olan Novruz bayramı münasibətilə təbrik edərək onlara ən xoş arzularını çatdırıb.
Sonra bayram tonqalı yandırılıb.
Tədbirdə çıxış edən Astara şəhər bələdiyyəsinin sədr köməkçisi Abbas İbrahimli astaralı şəhid, Milli Ordunun xüsusi xidmət giziri Pəncəli Teymurovun aprel döyüşlərində erməni təxribatçıları ilə döyüşdə göstərdiyi qəhrəmanlığı barədə məlumat verib.
Astara şəhər 4 nömrəli tam orta məktəbin müəllimi Mircəfər Babazadə, II qrup Qarabağ müharibəsi əlili Təhsil Quliyev və “N” saylı hərbi hissənin şöbə müdirinin müavini, polkovnik-leytenant Mehman Şükürov çıxışlarında Novruz bayramının Azərbaycan xalqının milli-mənəvi, əxlaqi dəyərlərinin formalaşmasındakı rolu, məktəblilərin sərhədçilərlə əlaqələrindən danışıblar.
Bayram tədbiri Astara Rayon Mədəniyyət Mərkəzinin “Sevinc” mahnı və rəqs ansamblının üzvlərinin ifasında konsert proqramı ilə davam edib.