REGİONLAR
Astaralı güləşçi Avropa çempionatında bürünc medal qazanıb
Astara, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara Rayon Uşaq Gənclər İdman Məktəbinin sərbəst güləşçisi Əliabbas Rzazadə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin tərkibində çıxış edən astaralı güləşçi qitə çempionatının beşinci günündə 1/16 final mərhələsində mübarizəyə qoşulub.
Avropa çempionatında 50 kiloqram çəki dərəcəsində çıxış edən həmyerlimiz ilk görüşündə Rusiya təmsilçisi Georgiy Okorokov ilə yarışıb. Ə.Rzazədə bu görüşdə 6:5 hesabı ilə məğlub olsa da, rəqibin finala yüksəlməsi idmançının təsəlliverici görüşə qatılmasını təmin edib.
Təsəlliverici görüşdə isə Əliabbas Rzazadənin rəqibi türkiyəli Sinan Yıldırım olub.
Astaralı güləşçi ikinci görüşündə rəqibi üzərində 10:0 hesablı inamlı qələbə qazanıb.
Üçüncü yer uğrunda görüşdə isə Əliabbas Rzazədə Gürcüstan təmsilçisi ilə üz-üzə gəlib.
Növbəti qarşılaşmada da tam üstünlüklə qələbə sevincini yaşayan idmançımız qitə miqyaslı yarışın bürünc medalına sahib olub.
Qeyd edək ki, güləş üzrə Avropa çempionatında millimiz 2 qızıl və 4 bürünc medal qazanıb.