REGİONLAR
Astaranın Pəlikəş kəndində yeni xəstəxana binası istifadəyə verilib
Astara, 12 iyun, Bağır Əliyev, AZƏRTAC
İyunun 12-də Astara rayonunun Pəlikəş kəndində sahə xəstəxanası üçün inşa edilmiş yeni bina istifadəyə verilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Hökuməti və Dünya Bankı tərəfindən maliyyələşdirilən, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Kreditləri üzrə Dövlət Agentliyi tərəfindən həyata keçirilən Azərbaycan Kənd İnvestisiya Layihəsi (“AzKİL-2”) çərçivəsində tikilmiş birmərtəbəli, 15 çarpayılıq kənd sahə xəstəxanasında xəstələrin müayinəsi və müalicəsi üçün hər cür şərait yaradılıb.
1972-ci ildə inşa edilmiş uyğunlaşdırılmış binada yerləşən kənd sahə xəstəxanasının yerində inşa edilmiş yeni səhiyyə müəssisəsinin xidmətindən ərazidə yaşayan 7000 nəfər əhali yararlanacaq.
Kənd sahə xəstəxanasının yeni binasının istifadəyə verilməsi münasibətilə keçirilən mərasimdə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Dünya Bankının Azərbaycan üzrə direktoru Navid Hasan Naqvin, “AzKİL-2” üzrə TASK meneceri Satoşi İşihava, “AzKİL-2”nin direktoru Sübhan Əsgərov və başqaları iştirak ediblər.
Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxışında qeyd edib ki, hazırda dünyanın əksər ölkələrində böhran yaşandığı halda, Azərbaycanda böyük sosial layihələr həyata keçirilir. Son illər təkcə Astara rayonunun şəhər və qəsəbələrində deyil, ən ucqar dağ kəndlərində də görülən işlərin miqyası xeyli artıb.
Yüksək dağlıq ərazidə yerləşən Pəlikəş kəndinin yolları bərbad olduğu üçün əhali böyük əziyyət çəkirdi. İndiyədək normal yolu olmayan bu kəndə Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılmış vəsait hesabına yüksək səviyyəli avtomobil yolu salınıb. On iki min nəfər əhaliyə xidmət edən 21 kilometr uzunluğunda olan Deqədi-Pəlikəş avtomobil yolunun asfaltlaşdırılması və yolun açılışında dövlətimizin başçısının iştirak etməsi əhali tərəfindən böyük razılıqla qarşılanıb.
Ərazidə yeni məktəb binalarının tikilib istifadəyə verildiyini, körpülərin salındığını, elektrik təsərrüfatının yeniləndiyini vurğulayan Q.Ağayev görülən işlərin əhalinin güzəranının yaxşılaşdırılmasına, firavan yaşamasına xidmət etdiyini diqqətə çatdırıb.
Bildirilib ki, Azərbaycan Prezidentinin iyunun 8-də “Astara şəhərində dənizkənarı park-bulvar kompleksi ərazisinin genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” imzaladığı Sərəncam da dövlətimizin başçısının Astaraya və astaralılara göstərdiyi diqqət və qayğısının təzahürüdür. Park-bulvarın ərazisi genişləndiriləndən sonra ətrafında yaradılacaq müasir turizm infrastrukturu - mehmanxana, hotellər, idman-əyləncə və iaşə obyektləri şəhərə xüsusi yaraşıq verəcək.
Mərasimdə çıxış edən kənd sakinləri əhalinin sağlamlığının qorunmasına və regionlarda sosial məsələlərin həllinə göstərilən qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.
Tədbir iştirakçıları kənd sahə xəstəxanasının yeni binasında yaradılan şəraitlə tanış olublar.