REGİONLAR
Astaranın arıçılıq təsərrüfatlarında məhsuldarlıq üç dəfə artıb
Astara, 30 iyun, Bağır Əliyev, AZƏRTAC
Bu il Astara rayonunun arıçılıq təsərrüfatlarında məhsuldarlıq üç dəfə artıb.
AZƏRTAC xəbər verir ki, ötən il hər yeşikdən maksimum 8 kiloqram bal götürən arıçılar builki mövsümü bal ili adlandırırlar.
Arıçılar Assosiasiyasının Arı Xəstəlikləri Komissiyasının üzvü Firuz Teymurov bildirib ki, arı pətəkləri təbii üsullarla müalicə edilib, arıçılar treninqlərə cəlb olunub, maairfləndirmə işi aparılıb. Onlar da yaxşı işlədilər. Həm arıların sayı çoxalıb, həm də məhsuldarlıq 3 dəfə artıb.
Hazırda bazarda Astara balının 1 kiloqramı 20-25 manata satılır.
Rayonda arıçılıqda əsas çətinlik tədarük məntəqəsinin olmaması və hazır məhsulun qablaşdırılması ilə bağlıdır. Bununla belə yerli bala tələbat xeyli artdığından satış asanlaşıb.
Astara-Lənkəran Arıçılar Cəmiyyətinin sədri Arif Nəzirov deyib: “İrandan gətirilən balı heç kim almır. Azərbaycan balı daha keyfiyyətlidir, indi yerli balı alırlar. Tədarük yerimiz və qablaşdırma da düzəlsə, lap əla olar”.
Qeyd edək ki, builki bal mövsümündə Astara rayonundakı 25 min arı ailəsindən 300 ton məhsul gözlənilir. Ötən il bu rəqəm 80 tondan aşağı olub.