REGİONLAR


Astaranın arıçılıq təsərrüfatlarında profilaktiki tədbirlər görülür

A+ A

Astara, 16 yanvar, Bağır Əliyev, AZƏRTAC

Astara rayonunda ənənəvi təsərrüfat sahələrindən olan arıçılıq hazırda inkişaf dövrünü yaşayır.

AZƏRTAC xəbər verir ki, məhsul istehsalçılarına dövlət tərəfindən verilən subsidiyalar, edilən güzəştlər, vaxtaşırı olaraq Bakı şəhərində bal məhsullarının satış yarmarkasının təşkil edilməsi təsərrüfat sahiblərinin bu sahəyə olan marağını daha da artırıb.

Uzun illərdir Astarada arıçılıqla məşğul olan İntiqam Kazımov deyir ki, ötən ilin payızında arılar arasında bir neçə xəstəliyin yayılması arı ailələrini məhvolma təhlükəsi ilə üz-üzə qoymuşdu.

Xəstəliklərin çoxalmasının ekoloji amillə bağlı olduğunu qeyd edən İ.Kazımov diqqətə çatdırıb ki, bütün çətinliklərə baxmayaraq, təcrübəli arıçılar problemləri minimal itkilərlə aradan qaldıra biliblər.

Hazırda arı ailələri qışlama dövrünü keçirir. Arıçılar qışlama dövrünü uğurla başa vurmaq üçün zəruri olan bütün profilaktiki tədbirləri görürlər.

Onların qənaətinə görə, arı ailələrini qışdan sağlam və itkisiz çıxarmaq üçün kifayət qədər bal ehtiyatının olması vacib şərtlərdən biridir. Belə ki, hər arı ailəsinin qışdan sağlam çıxması üçün 10-18 kiloqrama yaxın təmiz bal saxlamaq vacib hesab olunur. Qidalanma kifayət qədər olmadıqda isə arılar zəifləyir, onlar arasında xəstəliklər baş qaldırır və ölüm halları artır. Arıların zəifləməsi məhsuldarlığa da təsirsiz ötüşmür.

Qeyd edək ki, hazırda Astara rayonunda arıçılıqla məşğul olan 1124 təsərrüfatda 9738 arı ailəsi saxlanılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.