REGİONLAR


Astaranın sitrus bağlarında feyxoa yığımına başlanılıb

A+ A

Astara, 25 oktyabr, Bağır Əliyev, AZƏRTAC

Bir neçə gündür Astara rayonunun sitrus bağlarında feyxoa yığımına başlanılıb.

AZƏRTAC xəbər verir ki, bu il yay mövsümündə havaların quraq keçməsi sitrus bağlarında məhsul istehsalına da təsir edib. Rayonda sitrusçuluqla məşğul olan fermerlər və məhsul istehsalçıları bildirirlər ki, yay aylarında sitrus bitkiləri üçün əlverişli sayılmayan quraq hava hökm sürdüyündən suvarma ilə bağlı bütün tədbirlərin görülməsinə baxmayaraq, məhsuldarlıq aşağıdır.

Bir kiloqramı 0,50-1 manata satılan feyxoanın qiyməti bu il 1,50-2 manata yüksəlib. Ancaq bu qiymət də məhsul istehsalçılarını qane etmir.

Sitrusçuluqla məşğul olan Ramiz Əliyev qiymətlərin yuxarı olmasının səbəbini belə izah edib: “Əvvəlki illərdə bir yığımda 250-300 kiloqram məhsul toplayırdıq. Bu il isə 5 yığımda heç 400 kiloqram feyxoa əldə etməmişik. Məhsuldarlıq ötən illə müqayisədə 50-60 faiz aşağıdır”.

Lakin qiymətlərin qarşıdakı günlərdə düşəcəyi gözlənilir. Çünki bu il hələlik Rusiya bazarlarına feyxoa məhsulunun ixracı müşahidə olunmur. Bu səbəbdən də təsərrüfat sahibləri məhsulu yalnız daxili bazarda satmaq məcburiyyətindədirlər.

Feyxoa bağlarında məhsul yığımı noyabrın ortalarınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.