REGİONLAR
Astaranın ucqar dağ kəndlərinin sakinləri tibbi müayinələrə cəlb olunub
Astara, 29 iyun, Bağır Əliyev, AZƏRTAC
Astara Mərkəzi Rayon Xəstəxanasının səyyar həkim briqadası ucqar dağlıq ərazidə yerləşən Əsxənəkəran və Hamoşam ərazi icra nümayəndəliklərinə daxil olan kəndlərin sakinlərini tibbi müayinədən keçiriblər.
AZƏRTAC xəbər verir ki, xəstəxananın baş həkimi, tibb üzrə fəlsəfə doktoru Əlövsət Əliyevin rəhbərlik etdiyi 20 nəfərdən ibarət həkim briqadası tərəfindən 600 nəfər tibbi müayinələrə cəlb olunub.
Həkim briqadası, həmçinin aprel ayında cəbhə bölgəsinin təmas xəttində döyüşlərdə şəhid olmuş Astara rayonunun Əzərüd kəndində Pəncəli Teymurovun məzarını ziyarət edib, onun ailəsinə baş çəkərək onları tibbi müayinədən keçiriblər.
Səyyar briqadanın xidmətindən istifadə edən kənd sakinləri uzaq və çətin relyefə malik dağlıq ərazidə onlara yüksək səviyyədə tibbi xidmətin təşkilinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.