REGİONLAR
Astaranın yeniyetmə güləşçisi respublika birinciliyinin qalibi olub
Astara, 7 noyabr, Bağır Əliyev, AZƏRTAC
Balakən Olimpiya İdman Kompleksində VIII Respublika İdman Oyunlarının proqramına daxil olan 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında sərbəst güləş üzrə respublika birinciliyinin final mərhələsində uğurla çıxış Astara güləş məktəbinin yetirməsi Ramiz Heybətov bütün rəqiblərinə qalib gələrək, fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
AZƏRTAC xəbər verir ki, ölkəmizin 47 şəhər və rayonunu təmsil edən 200-dək yeniyetmə güləşçinin 16 çəki dərəcəsində mübarizə apardığı respublika birinciliyində Ramiz Heybətov 35 kiloqram çəki dərəcəsində birinci yeri tutub.
Astara Rayon Gənclər və İdman İdarəsində yeniyetmə güləşçi ilə görüş keçirilib.
Tədbirdə çıxış edən idarənin rəisi Ərçə Əliyev ölkəmizdə idmanın inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində görülən işlərdən söhbət açaraq, idmançılarımızın beynəlxalq yarışlarda qazandığı uğurları dövlətimizin başçısının bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğının məntiqi nəticəsi kimi dəyərləndirib.