REGİONLAR
Astaraya Yaponiyadan 10 min ədəd naringi tingi gətirilib
Astara, 30 mart, Bağır Əliyev, AZƏRTAC
Astaralı sahibkar Çingiz Hacıyev rayona Yaponiyada yetişdirilən 10 min ədəd naringi tingi gətirib.
AZƏRTAC xəbər verir ki, Yaponiyada yetişdirilən “Miyaqava” növlü naringi bitkisinin yerli növlərdən fərqləndirən əsas xüsusiyyəti onun daha çox məhsuldar olmasıdır. Bu növ hər bir naringi ağacı 3-5 il ərzində 300-550 kiloqrama qədər məhsul verir. Yerli növlərdə isə bu rəqəm maksimum 150 kiloqram təşkil edir.
Cənub bölgəsində hər il yüzlərlə naringi ağacı 8 dərəcə şaxtada yanaraq sıradan çıxır. Amma yeni gətirilən naringi tingləri isə 12 dərəcə şaxtaya belə davamlıdır.
Aqronom Rafiq Ağayev bildirib ki, bu ağaclar bölgənin iqlim şəraitinə tam uyğunlaşa bilər. İran İslam Respublikasında bu növ naringi əkini təcrübədən keçib və uğurlu olub.
Yeni naringi tingləri Astara, Lənkəran və Masallı rayonlarında sitrusçuluqla məşğul olan fermerlərə satılıb.