CƏMİYYƏT
Astmalı xəstələrin sayı yaxın gələcəkdə 400 milyona çatacaq
Bakı, 4 may, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında Ümumdünya Astma Gününə həsr olunmuş “Səbəb və təsir: allergik rinit və astma arasında qarşılıqlı əlaqə” mövzusunda tədbir keçirilib.
Universitetin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, astmalı xəstələrə dəstək baxımından belə tədbirlərin keçirilməsinin çox önəmli olduğunu bildirən pediatr-allerqoloq, professor Amaliya Əyyubova deyib: “Dünya Səhiyyə Təşkilatı tərəfindən belə tədbirlər hər il keçirilir. Astmalı uşaqlar daim həkim nəzarətində olmaqla bu xəstəlikdən müəyyən qədər qoruna bilərlər. Biz valideynlərə də hər zaman bildiririk ki, belə uşaqlara xüsusi qulluq edilməlidir. Astmalı uşaqlar üçün daim pəhriz proqramı tətbiq edilməli və onlar əlverişli iqlim şəraitində yaşamalıdırlar. Təxminən 2020-ci ildə bəzi ölkələrdə, xüsusilə Avropa ölkələrində hər ikinci adam allergik xəstəliyə tutula bilər. Məhz bu səbəbdən dövlət strukturları, səhiyyə təşkilatları da bu haqda müəyyən ölçülər götürməlidir. Əsas məqsəd isə bunu əhali arasında müzakirə predmetinə çevirmək və hər bir insanı allergiyadan necə qoruna bilməsi ilə bağlı məlumatlandırmaqdır”.
A.Əyyubova qeyd edib ki, 2015-ci ildə dünyada 300 milyon astma xəstəsi qeydə alınıb. Bu da təxminən dünya əhalisinin 5 faizini təşkil edir. Dünya Səhiyyə Təşkilatının proqnozuna görə, bu rəqəm 2020-ci ildə 400 milyona çatacaq.
Allergiyanın ən çox uşaqlar arasında geniş yayıldığını vurğulayan A.Əyyubova belə uşaqların daim həkim nəzarəti altında saxlanılmasının vacibliyini vurğulayıb. Bildirib ki, süni qidalanma, şirniyyatlardan, sitrus meyvələrindən, antibiotiklərdən həddindən artıq istifadə uşaqlarda allergiyanı yaradan başlıca səbəblərdir. Yeni innovativ metodların tapılması, bəlkə də, bu xəstəliyi yaxın gələcəkdə tam müalicə etmək imkanı verəcək.
Allerqoloq, immunologiya kursunun müdiri, professor Lalə Allahverdiyeva isə bronxial astma xəstəliyindən danışıb. “Bu xəstəlik çox ciddi və qlobal problemdir. Azərbaycanda da bronxial astma çox geniş yayılıb. Dünyada isə bronxial astma son dövrlərdə 18 faizə qədər artıb ki, bu da həmin insanların yaşadıqları iqlim şəraitindən çox asılıdır. Bu xəstəlikdən ölüm faizi dünya üzrə 250 mindir. Hər il astmadan 15 milyon adam əmək qabiliyyətini itirir. Bütün bunlara baxmayaraq, son dövrlərdə tibb elmi astma sahəsində çox böyük nailiyyətlər əldə edib”, - deyə L.Allahverdiyeva bildirib.
Tədbirdə, həmçinin Böyük Britaniyadan olan professor Peter Howarthın “Astma və allergik rinit” mövzusunda onlayın mühazirəsi dinlənilib.