MƏDƏNİYYƏT
Asya Atakişiyeva: X Beynəlxalq Yay Teatr Məktəbi karyeram üçün faydalı olacaq
Bakı, 18 iyul, Flora Şükürova, AZƏRTAC
X Beynəlxalq Yay Teatr Məktəbi karyeram üçün faydalı olacaq.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası, X Beynəlxalq Yay Teatr Məktəbinin iştirakçısı Asya Atakişiyeva deyib. İyunun 1-dən 28-dək Moskva vilayətinin Zveniqorod şəhərində keçirilən Yay Teatr Məktəbi barədə məlumat verən gənc aktrisa tədbirə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Polşa, Rusiya və digər ölkələrdən 80-dan çox peşəkar aktyorun qatıldığını vurğulayıb.
O, deyib: “Layihənin reallaşdırılmasında məqsəd müxtəlif ölkələrdən olan ən yaxşı aktyorları bir araya gətirərək yaradıcılıq mübadiləsi aparmaq, yeni aktyor məktəbinin inkişafına nail olmaq, iştirakçıların peşəkarlıq səviyyəsinin artırılmasını təmin etməkdir. Təlim proqramına uyğun olaraq yay məktəbində gündəlik təcrübə, teatr xadimlərinin ustad dərsləri, treninqlər, Rusiya və digər ölkələrin teatr xadimləri ilə yaradıcılıq görüşləri keçirilib. Bu cür layihələr hər bir iştirakçının yaradıcılıq fəaliyyətinə önəmli töhfələr verəcək”.
Gələcək planları barədə danışan Asya Atakişiyeva hazırda istirahət etdiyini bildirib. O, cari ilin sentyabrından etibarən Azərbaycanın dahi şairi Məhəmməd Füzulinin “Leyli və Məcnun” poemasının motivləri əsasında hazırlanan eyniadlı yeni tamaşada rol alacağını qeyd edib.