ELM VƏ TƏHSİL


“Əşyaların İnterneti-2017” konfransı çərçivəsində 30-dan çox şirkət öz yeniliklərini təqdim edəcək

Bakı, 10 avqust, AZƏRTAC

Oktyabrın 31-dən noyabrın 1-dək Moskvada “Əşyaların İnterneti-2017” beynəlxalq konfransı keçiriləcək.

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutundan AZƏRTAC-a bildiriblər ki, konfrans “Google”, “Cisco”, “Huawei”, “Tibbo”, “Rightech” kimi tanınmış şirkətlərin mütəxəssislərinin məruzələrlə çıxış etdiyi əhəmiyyətli tədbirlərdəndir.

Expoclub.ru beynəlxalq sərgi portalının məlumatına görə, “Sokolniki” Sərgi və Konqres Mərkəzində keçiriləcək konfrans iki tematik bloka bölünür. Birinci blok aparat təminatının müzakirəsinə həsr ediləcək. Burada spikerlər mövcud texnoloji həllərin üstünlükləri və çatışmazlıqlarını təhlil edəcək, onların səmərəli istifadəsi üçün lazımi məlumatlar verəcəklər. İkinci tematik blokda “Industrial IoT” və “LifeStyle IoT” seqmentlərinin yenilikləri ilə bağlı fikir mübadiləsi aparılacaq. Konfransda “ağıllı” avtomobil, “ağıllı” şəhər, “ağıllı” fabrik və s. texnologiyalarının tətbiqi məsələləri müzakirə olunacaq.

Proqramda, həmçinin sərgi, ustad dərsləri və startapların yarışı yer alır. Sərgidə 30-dan çox şirkət öz yeniliklərini təqdim edəcək, ziyarətçilər ən müxtəlif “ağıllı” texnologiya nümunələrinin iş prinsipi ilə əyani tanış ola biləcəklər. Sonra xarici ekspertlər əşyaların internetinin aktual mövzuları üzrə ustad dərsləri keçəcəklər, həmçinin daşına bilən əşyaların interneti laboratoriyası əsasında əyləncəli sınaqlar təşkil edəcəklər. Startapların yarışında isə gənc istehsalçılar müvafiq sahədə özlərini ifadə etmək imkanı əldə edəcəklər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.