REGİONLAR
“Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışında 30-dan çox ailə mübarizə aparır VİDEO
Xaçmaz, 4 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 3-dən etibarən Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə Xaçmazın Nabran istirahət zonasında “Atam, anam və mən turist ailəsiyik” idman-turizm yarışı keçirilir.
AZƏRTAC xəbər verir ki, yarışda müxtəlif idman cəmiyyətlərini, eləcə də respublikanın müxtəlif rayonlarını təmsil edən, ümumilikdə, 30-dan çox ailə komandası mübarizə aparır. Tədbir 1 iyun - Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunub.
İştirakçılar qalib adını qazanmaq üçün çadırın quraşdırılması, meşə zolağındakı maneələrin dəf edilməsi və çay üzərindən ip vasitəsilə keçmə mərhələlərində mübarizə aparırlar.
Qaydalara görə, yarışda qalib gəlmək üçün təkcə valideynlərin deyil, həm də ailənin ən kiçik üzvlərinin də çevikliyi vacibdir.
Yarışa iyunun 5-də yekun vurulacaq. Qalib komandalar Gənclər və İdman Nazirliyi tərəfindən qiymətli hədiyyələr və diplomlarla təltif olunacaq.