İQTİSADİYYAT
Atbulaq stansiyasının baş yolları əsaslı təmir olunur
Bakı, 14 fevral, AZƏRTAC
Azərbaycan Dəmir Yollarının əsaslı təmir prosesinin növbəti mərhələsinə başlanılıb. Belə ki, Bakı-Böyük Kəsik istiqamətində 600 kilometr dəmir yolunun əsaslı təmiri davam edir, hazırda Atbulaq stansiyasında 1100 metr uzunluğunda baş yol əsaslı təmir olunur.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, əsaslı təmir işlərini 5 saylı “İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi” MMC-nin kollektivi həyata keçirir. MMC-nin baş mühəndisi İsmayıl Sadıqov bildirib ki, təmir işləri iki gün davam edəcək. Artıq köhnə yolun söküntüsü başa çatıb, yeni yolun qoyuluşuna başlanılıb.
Qeyd edək ki, gələcəkdə ölkənin qərb istiqamətinə sürətli sərnişin qatarları göndərilməsi baxımından yolların əsaslı təmir olunması əsas amillərdən biridir.
Xatırladaq ki, 2015-ci il aprelin 14-də “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 kilometrlik hissənin maddi–texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanıb.
Yeni layihənin icrasına 2015-ci il oktyabr ayının sonlarında başlanılıb və bu günə kimi 230 kilometrdən artıq dəmir yolu əsaslı təmir olunub.