REGİONLAR
Atıcılıq Federasiyasının idmançıları Ağbulaq İstirahət Mərkəzində olublar
Şahbuz, 16 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikası Atıcılıq Federasiyasının yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahəti təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Gənclər Fondu, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Atıcılıq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirin ilk günündə yeniyetmə atıcıları Ağbulaq İstirahət Mərkəzində təşkilatçı qurumların əməkdaşları qarşılayıblar. İlk olaraq idmançılar Ağbulaq kəndi ərazisindəki təbiət abidələri ilə tanış olub, “Ağbulaq” bulağına yürüş ediblər. Stolüstü oyunlarda mübarizə aparan yeniyetmə atıcılar arasında mərkəzin stadionunda futbol və voleybol yarışları keçirilib. Şam yeməyindən sonra isə idmançılara vətənpərvərlik mövzusunda sənədli film nümayiş etdirilib.
İkinci günə yeniyetmələr mərkəzin stadionunda gimnastik hərəkətlərlə başlayıblar. Əyləncəli proqramda isə idmançılar üçün kiçik tamaşalar göstərilib. Batabat yaylağına və Şahbuz Dövlət Təbiət Qoruğuna gəzinti də təşkil olunub. Nahar yeməyindən sonra federasiyanın yetirmələrinin Ağbulaq İstirahət Mərkəzində ikigünlük istirahətinə yekun vurulub və onlar Naxçıvan şəhərinə qayıdıblar.
Mərkəzdə olan məşqçilər, idmançılar ikigünlük istirahətdən razı qalıblar. Federasiyanın məşqçisi Fərhad Əliyev, idmançı Hümbət Babayev bildiriblər ki, belə istirahətlər idmançılar üçün əlavə stimul yaradır, onları bu sahəyə daha çox bağlayır. Bu cür istirahətlər idmançıların yarışlarda uğur qazanmalarına müsbət təsir göstərir.
Federasiyanın yetirməsi Nail Seyidov deyib ki, idmançıların həmişə istirahətə ehtiyacları olur. Yaradılan şəraitə, yeniyetmə idmançılara göstərilən qayğıya görə minnətdarlığımızı bildiririk.