İDMAN


Atıcılıq üzrə Avropa çempionatının  təntənəli açılış mərasimi keçirilib

Bakı, 22 iyul, AZƏRTAC

Bakıda keçirilən atıcılıq idmanı üzrə Avropa çempionatının iyulun 22-də təntənəli açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov açılış mərasimində çıxış edərək Azərbaycanda əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilməsi nəticəsində əldə olunan nailiyyətlərdən danışıb. Nazir müavini dünyada idman ölkəsi kimi tanınan Azərbaycanın I Avropa Oyunları, Formula-1 yarışları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, IV İslam Həmrəyliyi Oyunları ilə yanaşı, atıcılıq üzrə mötəbər turnirlərə də ev sahibliyi etdiyini bildirib. Ölkəmizdə atıcılıq idmanının inkişafı üçün əlverişli şəraitin yaradıldığını, maddi-texniki bazanın ən yüksək tələblərə cavab verdiyini qeyd edən İ.İsmayılov iştirakçılara uğurlar arzulayıb.

Beynəlxalq Atıcılıq Federasiyasının prezidenti Oleqario Vaskes Ranya çempionatın Azərbaycanda yüksək səviyyədə təşkilindən məmnunluğunu ifadə edib. Bildirib ki, Bakı mötəbər idman yarışlarının keçirilməsi üçün cəlbedici şəhərdir. O, yüksək təşkilatçılığa və qonaqpərvərliyə görə Azərbaycan Atıcılıq Federasiyasının rəhbərliyinə minnətdarlığını çatdırıb.

Avropa Atıcılıq Konfederasiyasının (ESC) prezidenti Vladimir Lisin qitə birinciliyinin ölkəmizdə keçirilməsinin əlamətdar hadisə olduğunu vurğulayıb. Çempionatın əhəmiyyətini yüksək qiymətləndirən V.Lisin bu mötəbər turnirə ev sahibliyinə görə Milli Olimpiya Komitəsinə, Azərbaycan Atıcılıq Federasiyasına minnətdarlığımı bildirib.

Açılış mərasimi bədii hissə ilə davam edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.