İDMAN
Atıcılıq üzrə Dünya Kubokunun sahibi: məğlub olmağımıza baxmayaraq, azərbaycanlı azarkeşlər bizi ayağa qalxaraq yola saldılar
Bakı, 16 may, Əziz Məmmədov, AZƏRTAC
Mən IV İslam Həmrəyliyi Oyunlarında fəxri kürsünün ən uca pilləsinə qalxmaq şərəfinə nail olmuşam. Amma bildiyiniz kimi, necə deyərlər, iştaha diş altındadır. Buna görə mən Türkiyə yığmasının aktivinə daha bir qızıl medal əlavə etmək istəyirdim. Final son dərəcə gərgin və dramatik oldu. Əli Hüseynli – Aydan Camalova Azərbaycan dueti finalda həsəd aparılmağa layiq soyuqqanlılıq göstərdi. Hesab edirəm ki, bu cütlüyün böyük gələcəyi var və onlar azərbaycanlı azarkeşləri hələ çox sevindirəcəklər.
Türkiyə yığmasının duet heyətinin nümayəndəsi, səngər stendi üzrə atıcılıq yarışlarında İslamiadanın gümüş medallarını qazanmış Nihan Gurer bu sözləri AZƏRTAC-a eksklüziv müsahibəsində söyləyib. Nihan Gurerin tərəf-müqabili, atıcılıq üzrə Dünya Kubokunun sahibi Oğuzxan Tuzun da final görüşü barədə təəssüratlarını bölüşüb. O deyib: “Əlbəttə, qalib gəlmək istəyirdik, xüsusən ona görə ki, sonuncu atəşə qədər bizim belə şansımız vardı. İdmanda əsas amillərdən biri, bəzi məqamlarda isə ən mühüm amil özünü ələ almağı bacarmaqdır. Qardaş ölkənin idmançıları da lazımi anda özlərini itirmədilər. Məğlub olmağımıza baxmayaraq heyfsilənmirəm, çünki biz layiqli rəqiblərə uduzduq. Mən azərbaycanlı azarkeşləri də xüsusi qeyd etmək istəyirəm. Biz məğlub olmağımıza baxmayaraq, qardaş Azərbaycandan olan azarkeşlər bizi ayaq üstə alqışlayırdı. Bu xalqa ürəkdən təşəkkür edirəm”.