CƏMİYYƏT


Atırauda “Bazar günü” məktəbi açılıb

A+ A

Atırau, 12 oktyabr, AZƏRTAC

Qazaxıstanın Atırau şəhərində yaşayan azərbaycanlı uşaq və yeniyetmələr üçün Azərbaycan dilinin, ədəbiyyatının və tarixinin öyrədilməsi məqsədilə “Bazar günü” məktəbi açılıb.

Azərbaycanın Aktaudakı baş konsulluğunun və Atırau vilayətində yaşayan azərbaycanlıların “Novruz” Milli-Mədəni Cəmiyyətinin təşkilatçılığı ilə açılan “Bazar günü” məktəbinin sinif otağında ölkəmiz haqqında film və videoçarxların nümayişi üçün kompyuter və proyektor quraşdırılıb. Həmçinin sinif otağında klassik və müasir yazıçılarımızın, şairlərimizin, Azərbaycanın və Qazaxıstanın dövlət başçılarının portretləri, ölkəmizin xəritəsi asılıb.

Məktəbin rəsmi açılışında Baş konsulluğun rəhbəri Elxan Zeynalov çıxış edərək xaricdə yaşayan həmvətənlərimizə olan dövlət qayğısından, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının IV Qurultayındakı çıxışında ölkəmizin hüdudlarından kənarda yaşayan azərbaycanlılarla bağlı qarşıya qoyduğu vəzifələrdən danışıb. O, xalqımızın milli mənəvi dəyərlərinin unudulmamasının, gələcək nəsillərin Azərbaycan dilini, ədəbiyyatını və tarixini öyrənməsinin vacibliyini vurğulayıb.

E.Zeynalov dövlətimizin başçısının ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimizin azərbaycançılıq ideyası ətrafında birləşməsi üçün böyük səy göstərdiyini, xarici ölkələrdəki soydaşlarımızın mənəvi və mədəni həmrəyliyinin yaradılmasına, Azərbaycan diasporunun formalaşmasına böyük önəm verdiyini diqqətə çatdırıb.

Sonra Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən göndərilən “Əlifba”, “Oxu” kitabları, əyani vəsaitlər və digər dərsliklər uşaqlara təqdim edilib.

Tədbirdə çıxış edən “Novruz” Milli-Mədəni Cəmiyyətinin sədri Eldar Əhmədov, iş adamı Bəhruz Məmmədov, diasporun fəal üzvlərindən Abbas İmanov və başqaları dövlətimizin Vətəndən uzaqda yaşayan azərbaycanlılara göstərdiyi diqqət və qayğıdan danışıb, Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Sonda uşaqlar Azərbaycana həsr olunan şeirlər söyləyiblər, ölkəmiz haqqında videoçarx nümayiş etdirilib.

İlahə Əhmədova

AZƏRTAC-ın xüsusi müxbiri

Atırau

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.