İDMAN
Atletika üzrə Bakı birinciliyinin qalibləri müəyyənləşib
Bakı, 9 yanvar, AZƏRTAC
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən Respublika Olimpiya Mərkəzində 1998-1999-cu və 2002-2003-cü il təvəllüdlü oğlanlar və qızlar arasında atletika üzrə paytaxt birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, birincilikdə 8 klubu təmsil edən 200 atlet mübarizə aparıb.
1998-1999-cu il təvəllüdlü qızlar arasında 800 metr məsafəyə qaçış yarışlarında Aynur Əsadzadə birinci olub. Günel Əliyeva (200 metr məsafəyə qaçış), Özləm Əmiraslanova (400 metr), Yelena Pextireva (60 metr) və Natəvan Etibarova (1500 metr) qızıl medal qazanıblar. Uzunluğa tullanmada Y.Pextireva bütün rəqiblərindən üstün olub.
Oğlanlar arasında üç təkanla tullanmada Səid Nəcəfzadə, 1500 metr məsafəyə qaçışda Həmid Məmmədzadə birinci olublar. Yarışda İlham Abışov (400 metr məsafəyə qaçış), Turan Emrəliyev (800 metr), Nail Rzayev (3000 metr), Sabir Talıblı (200 metr) və Ramiz Məlikov (60 metr) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Nüvə itələmədə Nurəhməd Babayev, uzunluğa tullanmada Yadulla İbrahimov, hündürlüyə tullanmada isə Toğrul Abdullayev fərqləniblər.
2002-2003-cü il təvəllüdlü qızlar arasında Ayana Seyuşova (60 metr məsafəyə qaçış), Lamiyə Vəliyeva (200 metr), Nika Məmmədova (400 metr) və Aydan Əliyeva (800 metr) birinci olublar. Uzunluğa tullanmada Fəxriyyə Tağızadə, nüvə itələmə yarışlarında isə Günel Hüseynova qızıl medal qazanıblar.
Oğlanlar arasında Tural Məmmədov (60 metr məsafəyə qaçış), Teymur Salahzadə (200 və 400 metr) və Nadir Əliyev (800 və 1500 metr) bütün rəqiblərini qabaqlayıblar. Uzunluğa və üç təkanla tullanmada Çingiz İsrafilov, hündürlüyə tullanmada Aydın Bədəlov, nüvə itələmədə isə Yusif Nəzərov fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.
İlk üç yeri tutmuş idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.