İDMAN
“Atletiko Madrid” klubunun oyunçuları daha bir il üzərində “Land of Fire - Azerbaijan” yazılmış idman geyimində yaşıl meydanlara çıxacaqlar VİDEO
Madrid, 1 mart (AZƏRTAC). “Atletiko Madrid” klubunun oyunçuları daha bir il üzərində “Land of Fire - Azerbaijan” yazılmış idman geyimində yaşıl meydanlara çıxacaqlar.
Martın 1-də İspaniyanın paytaxtı Madriddəki “Visente Calderon” stadionunda “Atletiko Madrid” klubu ilə Azərbaycan arasında imzalanmış əməkdaşlıq sazişinin müddətinin daha bir il artırılması ilə bağlı təntənəli mərasim keçirilmişdir.
Mərasimdə çıxış edən “Atletiko Madrid” klubunun prezidenti Enrike Serezo bu layihə və ümumilikdə Azərbaycan barədə maraqlı fikirlər səsləndirmişdir. O bildirmişdir ki, layihə dünya futbol aləminə yenilik gətirmişdir. İlk dəfə olaraq hansısa bir marka və ya məhsul yox, məhz ölkə təbliğ olunmağa başlamışdır. Bu layihə ilə yüz minlərlə insan güclü iqtisadiyyata və qədim mədəniyyətə malik Azərbaycanı yaxından tanımışdır. Futbol xalqların yaxınlaşmasına xidmət etməklə, dünyada sülhü təbliğ edir. Bizim əməkdaşlığımız bunun gözəl nümunəsidir. Cəmi bir il ərzində biz Azərbaycanı dünyada layiqli şəkildə tanıtmağa çalışdıq. Bunun nəticəsi olaraq Azərbaycan-İspaniya Ticarət Palatası yaradıldı.
“Atletiko”nun əsas heyəti ilə Azərbaycana səfərini də xatırladan klub prezidenti Bakının gözəlliyinə, insanların xeyirxahlığı və mehribanlığına heyran qaldıqlarını vurğulamışdır.
Sonra “Atletiko Madrid” ilə “Bakı” klubu arasındakı əməkdaşlığı əks etdirən videoçarx nümayiş olunmuşdur.
“Bakı” futbol klubunun icraçı direktoru Yaşar Seyidov çıxışında bu layihənin təmsil etdiyi komandanın və ümumilikdə Azərbaycan futbolunun inkişafına təkan verdiyini diqqətə çatdırmışdır.
Azərbaycanın İspaniyadakı səfiri Altay Əfəndiyev ölkələrimiz arasındakı əlaqələrin bugünkü vəziyyətindən danışaraq qeyd etmişdir ki, bu il çox əhəmiyyətli qarşılıqlı səfərlərlə yadda qalacaqdır. O, tədbir iştirakçılarına Azərbaycanın iqtisadiyyatı, mədəniyyəti və idman həyatı barədə məlumat vermişdir. Səfir “Land of Fire - Azerbaijan” layihəsinin ölkəmiz üçün əhəmiyyətini bir daha nəzərə çatdırmışdır.
Tədbirin sonunda “Atletiko”nun prezidenti, baş məşqçisi, əsas heyətin futbolçuları və azərbaycanlı qonaqlar klubun rəmzi köynəyini imzalamışlar.
Xatırladaq ki, 2013-cü il fevralın 1-də imzalanmış razılaşmaya əsasən, “Atletiko Madrid” klubunun oyunçuları üzərində “Land of Fire - Azerbaijan” loqosunun əks olunduğu idman geyimində yaşıl meydanlara çıxırlar. Razılaşmaya əsasən, 3 il ərzində azərbaycanlı futbolçular “Atletiko” klubunun futbol akademiyasında təlimlər və yoldaşlıq görüşləri keçirəcəklər. Hazırda 16 yaşlılardan ibarət yığmamızın heyəti “Atletiko”nun dəvəti ilə Madriddə təlim-məşq toplanışındadırlar.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Madrid