İDMAN
İlk Avropa Oyunlarının beynəlxalq idman elçilərinin Atletlər kəndində açıq məşqi böyük maraqla qarşılanıb VİDEO
Bakı, 27 aprel, Səxavət Quliyev, AZƏRTAC
Aprelin 27-də Atletlər kəndində “Bakı-2015” ilk Avropa Oyunlarının beynəlxalq idman elçilərinin - basketbol 3x3 üzrə Serbiya yığmasının açıq məşqi təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Marko Seviç, Duşan Domoviç Bulut və Marko Zderodan ibarət komanda nümunəvi çıxışlar yerinə yetirərək müxtəlif məsafələrdən atdıqları topları səbətdən keçiriblər.
Basketbol 3x3 formatının yenilik olduğunu bildirən Duşan Domoviç Bulut idmanın bu növündə irimiqyaslı yarışlara 2010-cu ildən start verildiyini diqqətə çatdırıb. Basketbolçu bildirib ki, Serbiya millisi 2012-ci ildə Yunanıstanda təşkil edilən dünya çempionatının qalibi, iki il sonra isə Rusiyada keçirilən mundialda gümüş medala sahib olmaqla ilk Avropa Oyunlarında iştirak hüququ qazanıb. Basketbol 3x3-ün ilk dəfə Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarının proqramına salınması ümid edirəm ki, idmanın bu növünün inkişafına böyük təkan verəcək. Bu, sürətli idman növü olduğu üçün hər zaman geniş tamaşaçı auditoriyasına malikdir.
Azərbaycanda ilk dəfə olduğunu bildirən Marko Seviç Atletlər kəndində yaradılan şəraiti yüksək qiymətləndirib. Bildirib ki, ilk Avropa Oyunlarının keçiriləcəyi idman obyektləri ilə tanışlıq bizdə xoş təəssüratlar yaratdı. Bakı Olimpiya Stadionu çox möhtəşəmdir. Bu arenada təşkil olunacaq açılış mərasimini səbirsizliklə gözləyirik.
Basketbolçular Bakıda ilk Avropa Oyunlarına test xarakteri daşıyan yarışın gərgin idman mübarizəsi şəraitində keçdiyini bildiriblər. Onlar Azərbaycan idmançılarının yüksək peşəkarlıq nümayiş etdirdiklərini və Oyunlarda mükafatçılar sırasında yer alacaqlarını xüsusi vurğulayıblar.
Sonra Serbiya millisi ilə yerli jurnalistlər arasında yoldaşlıq oyunu keçirilib.
Xatırladaq ki, Serbiya millisi ilə yanaşı, polşalı velosipedçi Maya Vloşçovska, almaniyalı stolüstü tennisçi Dmitri Ovçarov, yunanıstanlı qılıncoynadan Vasiliki Vuqiuka, irlandiyalı boksçu Keti Teylor, britaniyalı taekvondoçu Ceyd Cons, fransalı bədii gimnast Kseniya Mustafayeva, danimarkalı avarçəkən Rene Holten Poulsen “Bakı-2015”in beynəlxalq idman elçiləridir. Daha bir neçə idmançının da bu proqrama cəlb olunacağı nəzərdə tutulur.