DÜNYA
“Audi” avtokonserni külli məbləğdə cərimə oluna bilər
Berlin, 8 avqust, AZƏRTAC
Münxen Şəhər Prokurorluğu “dizel qalmaqalı” işi üzrə “Audi” avtokonsernini külli məbləğdə cərimələmək imkanını araşdırır. Nəzarət orqanı nümayəndəsinin verdiyi məlumata görə, şirkətin bir neçə əməkdaşına qarşı cinayət işi və rəhbərlik barədə inzibati işlə yanaşı, “Audi” konserninə qarşı da məhkəmə icraatı başlanıb. Şirkət rəhbəri qanunu pozursa, Almaniya qanunvericiliyi bu cür imkanı nəzərdə tutur.
AZƏRTAC xəbər verir ki, konserni 10 milyon avroyadək cərimə və ya qazancının daha böyük miqdarda müsadirə ediləcəyi gözləyir.
Bundan əvvəl korrupsiya qalmaqalına görə Almaniyanın “Siemens” və MAN konsernləri cərimələnib. “Audi”nin nümayəndələri jurnalistlərə bildiriblər ki, onların yeni məhkəmə icraatı barədə məlumatları var və istintaqla əməkdaşlıq edirlər.
Xatırladaq ki, “Volkswagen” avtomobil konserni və onun törəmə şirkəti “Audi” uzun müddət öz dizel avtomobillərində işlənmiş qaz tullantıları göstəricisini süni şəkildə azaltdıqdan sonra “dizel qalmaqalı” təhqiqatı başlanıb.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin