İQTİSADİYYAT
Audit hesabatlarını açıqlamayan banklara iyunun 15-dək vaxt verilib
Bakı, 7 iyun, AZƏRTAC
Maliyyə Bazarlarına Nəzarət Palatasında (MBNP) bir qrup bankların və audit şirkətlərinin rəhbərləri ilə keçirilən görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib.
Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumatda bildirilir.
Məlum olduğu kimi, "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər. Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd ediblər.
Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən iyunun 15-dək audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olunub.
MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq.