İQTİSADİYYAT
Audit növlərinin inteqrasiya olunmuş yeni uyğunlaşdırılmış standartları üzrə çətir layihə hazırlanacaq
Bakı, 28 fevral, AZƏRTAC
2019-cu ilin fevral ayınadək audit növlərinin inteqrasiya olunmuş yeni uyğunlaşdırılmış standartları üzrə çətir layihə hazırlanacaq.
Hesablama Palatasından AZƏRTAC-a bildiriblər ki, bu barədə razılıq INTOSAI-ın (Ali Audit Qurumlarının Beynəlxalq Təşkilatı) Uyğunluq Auditi Subkomitəsinin Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilmiş növbəti toplantısında əldə olunub. Tədbirdə Azərbaycanı Hesablama Palatasının əməkdaşı Rəşad Əliyev təmsil edib.
Toplantıya ölkəmiz ilə yanaşı, Hindistan, Braziliya, Çin, Lüksemburq, Fransa, Norveç, Səudiyyə Ərəbistanı, Cənubi Afrika Respublikası ali audit qurumlarının, həmçinin İNTOSAİ İnkişaf Təşəbbüsü qrupunun və AFROSAI-ın (Ali Audit Qurumlarının Afrika Təşkilatı) nümayəndələri qatılıb.
Tədbirdə "İSSAİ 4000" standartlarının tətbiqinə, ictimai sektorda dövlət idarəçiliyində audit qurumlarının roluna dair təqdimatlar dinlənilib, auditin nəticələrinin rəsmiləşdirilməsi ilə bağlı əhəmiyyətli istiqamətlər müzakirə edilib, eyni zamanda, Norveç, Hindistan və videokonfrans vasitəsilə Lüksemburq nümayəndələrinin uyğunluq və səmərəlilik auditi sahəsində təcrübələri diqqətə çatdırılıb.