İQTİSADİYYAT
Auditorlar Palatası ilə Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyası arasında əməkdaşlıq uğurla davam etdirilir
Bakı, 5 mart, AZƏRTAC
Auditorlar Palatasında Böyük Britaniyanın Sertifikatlı İmtiyazlı Mühasiblər Assosiasiyasının (ACCA) Ukrayna, Baltik və Qafqaz ölkələri üzrə nümayəndəsi Natalya Vovçuk ilə görüş keçirilib.
Palatadan AZƏRTAC-a verilən məlumata görə, görüşdə ACCA ilə Beynəlxalq Mühasiblər Federasiyasının (IFAC) Azərbaycan təmsilçisi Auditorlar Palatası arasında səmərəli əməkdaşlığın davam etdirilməsinə və onun inkişaf perspektivlərinə, habelə İFAC qarşısında qoyulan üzvlük öhdəliklərinin yerinə yetirilməsinə dair işgüzar müzakirələr aparılıb.
Görüşdə, həmçinin bu il mayın 7-8-də Bakıda keçiriləcək Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Baş Assambleyasının növbəti illik iclasının və həmin tədbir çərçivəsində nəzərdə tutulan “Kiçik və orta müəssisələrdə beynəlxalq maliyyə hesabatı, etika və audit standartlarının tətbiqi: problemlər və perspektivlər” beynəlxalq elmi-praktik konfransda ACCA-nın iştirakı məsələlərindən danışılıb.
ACCA ilə Auditorlar Palatası arasında əməkdaşlıq çərçivəsində İFAC-ın Beynəlxalq Standartlarının sertifikatlaşdırılan kurslarda tədrisinə dair məsələlərlə bağlı fikir mübadiləsi aparılıb. ACCA ilə Auditorlar Palatasının bundan sonra da sıx əməkdaşlığının davam etdirilməsi məqsədəuyğun hesab edilib.