İQTİSADİYYAT
Auditorlar Palatasının əməkdaşı Avropa Mühasiblər və Auditorlar Federasiyasının Direktorlar Şurasına üzv qəbul edilib
Bakı, 5 iyul, AZƏRTAC
Avropa Mühasiblər və Auditorlar Federasiyasının (EFAA) Madriddə keçirdiyi illik ümumi yığıncağında Azərbaycan Auditorlar Palatasının üzvü, Palata Şurası yanında beynəlxalq əlaqələr üzrə komitənin sədri Lamiyə Bayramova həmin qurumun Direktorlar Şurasına üzv qəbul edilib.
Bu barədə Auditorlar Palatasından AZƏRTAC-a verilən məlumatda bildirilir.
Auditorlar Palatası 2003-cü ildən EFAA-nın tamhüquqlu üzvüdür. Həmin vaxtdan Auditorlar Palatası ilə EFAA arasında mühüm əlaqələr yaradılıb, ölkəmizin Avropada mühasibat uçotu və audit sahəsində beynəlxalq standartların tətbiq olunduğu qabaqcıl ölkələr sırasına çıxması, şəffaflığın və hesabatlılığın təmin edilməsi üzrə mühüm addımlar atılıb.
Qeyd edək ki, EFAA 1994-cü ildə yaradılaraq Avropa İttifaqı, bütövlükdə Avropada kiçik və orta müəssisələrə peşəkar xidmət göstərən fərdi üzvləri olan milli mühasib və auditorlar təşkilatlarını özündə birləşdirən vahid təşkilatdır. EFAA-nın Avropa üzrə 250 mindən çox mühasib və auditorun təmsil olunduğu 14 üzvü var.