İQTİSADİYYAT
Auditorlar Palatasının nümayəndə heyəti Monteneqro və Belarusda tədbirlərdə iştirak edib
Bakı, 20 oktyabr, AZƏRTAC
Auditorlar Palatasının sədri, professor Vahid Novruzovun rəhbərlik etdiyi nümayəndə heyəti Monteneqro Respublikasının paytaxtı Podqoritsa şəhərində bu ölkənin Mühasiblər və Auditorlar İnstitutunun fəaliyyətə başlamasının 60 illik yubileyi ilə əlaqədar keçirilən tədbirdə, eləcə də Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin (CFRR) təşkilatçılığı ilə Belarusun paytaxtı Minskdə “Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi” mövzusunda keçirilən seminarda iştirak edib.
Palatadan AZƏRTAC-a bildiriblər ki, Auditorlar Palatasının sədri Vahid Novruzov Monteneqro Mühasiblər və Auditorlar İnstitutunun kollektivini qurumun 60 illik yubileyi münasibətilə təbrik edib. V.Novruzova institutun xatirə diplomu təqdim olunub.
Yubiley tədbirində iştirak edən xarici ölkələrin nümayəndələrini Monteneqronun Prezidenti Filip Vuyanoviç qəbul edib. V.Novruzov ölkələrimiz arasında mövcud olan əlaqələrimiz və əməkdaşlığımız barədə məlumat verib.
Dünya Bankının Maliyyə Hesabatı İslahatlar Mərkəzinin təşkilatçılığı ilə “Daha məsuliyyətli və şəffaf iqtisadiyyat üçün auditin keyfiyyətinin gücləndirilməsi” mövzusunda keçirilən 9 ölkənin 50-dən çox nümayəndəsinin iştirak etdiyi seminarda ölkəmizin iqtisadiyyatında şəffaflığın təmin olunması, auditin əhatə dairəsinin genişləndirilməsi və təsirliliyinin gücləndirilməsi ilə əlaqədar son zamanlar aparılan iqtisadi islahatlar barəsində tədbir iştirakçılarına geniş məlumat verilib.