SİYASƏT


Aureli Frik: Azərbaycan və Lixtenşteyn arasında münasibətlər möhkəm təməl üzərində qurulub VİDEO

A+ A

Vadus, 11 oktyabr, AZƏRTAC

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İsveçrə Konfederasiyası və Lixtenşteyn Knyazlığına rəsmi səfəri çərçivəsində oktyabrın 11-də Lixtenşteynin paytaxtı Vadus şəhərində Hökumət Evində bu ölkənin xarici işlər, təhsil və mədəniyyət naziri Aureli Frik ilə görüşüb.

Görüşdə nazir Elmar Məmmədyarov ölkəmizdə aparılan iqtisadi islahatlar barədə məlumat verib, Lixtenşteyn şirkətlərini Azərbaycan iqtisadiyyatına, xüsusilə qeyri-neft sektoruna sərmayə qoymağa dəvət edib. O, Azərbaycanda son dövrlərdə həyata keçirilən nəqliyyat layihələri barədə geniş məlumat verərək, “Şimal-Cənub”, “Şərq-Qərb” və “Cənub-Qərb” istiqamətlərindəki nəqliyyat dəhlizlərinin bir sıra ölkələr kimi Lixtenşteyn üçün də sərmayə qoyuluşu baxımından perspektivli sahə ola biləcəyini diqqətə çatdırıb.

Aureli Frik Azərbaycandan Lixtenşteynə yüksək səviyyəli ilk səfərin bu gün gerçəkləşməsindən məmnun olduğunu ifadə edib. O, ölkəsi barədə məlumat verərək, Lixtenşteyn iqtisadiyyatının inkişaf etmiş sahələrindən bəhs edib.

Tərəflər müxtəlif beynəlxalq təşkilatlar, o cümlədən BMT, ATƏT çərçivəsində əməkdaşlıq imkanlarını müzakirə edib və bu qurumlarda islahatlar barədə fikir mübadiləsi aparıblar. ATƏT çərçivəsində islahatlar haqqında danışan tərəflər ATƏT məkanında təhlükəsizlik məsələlərini ətraflı müzakirə ediblər. Nazir E.Məmmədyarov bununla bağlı Azərbaycanın qarşısında duran ən böyük təhlükəsizlik məsələsi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini qeyd edərək bu münaqişənin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinin zəruriliyini söyləyib və beynəlxalq ictimaiyyətin Ermənistana təsir göstərməli olduğunu diqqətə çatdırıb.

Görüşün sonunda nazirlər nota mübadiləsi ediblər. Azərbaycan tərəfi Aİ və İsveçrə ilə vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında sazişlərin imzalandığını qarşı tərəfə bildirib, Lixtenşteyn tərəfi isə həmin sazişlərdəki müddəaların Azərbaycan vətəndaşlarına tətbiq etməyə razı olduğunu ifadə edib.

X X X

Görüşdən sonra Aureli Frik mətbuat üçün açıqlamasında bildirib ki, Azərbaycan və Lixtenşteyn arasında münasibətlər yüksək səviyyədə inkişaf edib. O deyib: “Ümidvarıq ki, Azərbaycan ilə əlaqələrimiz bundan sonra daha da dərinləşəcək. Münasibətlər möhkəm təməl üzərində qurulduğundan iki ölkə arasında qarşılıqlı anlaşma var. Müxtəlif siyasi sahələrdə ölkələrimiz arasında oxşar yanaşma tərzi və mövqe mövcuddur.

Biz fərqli qonşularla əhatələnmiş Azərbaycan kimi ölkələrdən çox şey öyrənə bilərik. Dünyanın mürəkkəb regionunda yerləşən Azərbaycanın dünya siyasətini necə dəyərləndirməsi Mərkəzi Avropada yerləşən Lixtenşteyn üçün çox maraqlıdır”.

Elgün Niftəliyev

AZƏRTAC-ın xüsusi müxbiri

Vadus

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.