MƏDƏNİYYƏT
Autizm sindromundan əziyyət çəkənlərə dəstək sərgisi
Autizm sindromundan əziyyət çəkən insanlara dəstək məqsədilə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının muzey-sərgi kompleksində “Mən və mənim fərqli dünyam” mövzusunda sərgi açılıb.
Sərgi, “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin (İB) və Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının birgə təşəbbüsü ilə reallaşıb.
İB-dən AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirakçılara sərgi haqqında məlumat verilib. Bildirilib ki, sərginin məqsədi autizm sindromu haqqında ictimaiyyətin məlumatlandırılması, autizmli uşaqların sosial və psixoloji reabilitasiyasına ictimaiyyətin diqqətinin artırılması, autizmin xəstəlik deyil, bir fərqlilik olmasının çatdırılması, onların neqativ hal olaraq cəmiyyətdən uzaqlaşdırılması və gizlədilməsinin qarşısını almaqdan ibarətdir. Çünki bu uşaqların bəziləri xüsusi qeyri-adi istedada malik olurlar.
Sərgi üçün nəzərdə tutulmuş əsərlərin mövzusu autizmli insanların psixoloji vəziyyətini, onların dünyanı qavramalarını, hisslərinin və emosiyalarının tərənnümünü əhatə edib.
Sərgidə Azərbaycanın tanınmış rəssamları ilə yanaşı, tələbə və gənc rəssamların da əsərləri nümayiş olunub.