CƏMİYYƏT
Autizmli uşaqlar podiuma çıxıblar
Bakı, 24 aprel, G.Mahmudlu, AZƏRTAC
Aprelin 24-ü “Boulevard Hotel”də Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), “Birgə və Sağlam” İctimai Birliyi, Gülnarə Xəlilova Moda evi, “Ümid var” Xeyriyyə Cəmiyyəti və “Lider Qadınlar” İctimai Birliyinin birgə təşkilatçılığı ilə autizm sindromlu uşaqların iştirakı ilə moda nümayişi keçirilib. “Autizm - Fərqli və Bizdən Biri” adlanan nümayişdə Azərbaycanda ikinci dəfə olaraq podiuma autizmli uşaqlar çıxıb.
İlk öncə autizm ayı ərzində keçirilmiş yürüş haqqında videoçarx, “Fərqliyəm” videoklipi və “Mənim adım autizmdir” adlı maarifləndirici qısametrajlı film nümayiş olunub. Ardınca Müslüm Maqomayevin “Azərbaycan” mahnısının sədaları altında uşaqlar dövlət bayrağımızı ifadə edən maraqlı səhnəcik göstəriblər.
AZƏRTAC xəbər verir ki, tədbirin açılış nitqini söyləyən “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynullayeva autizm sindromundan, bu xəstəlikdən əziyyət çəkən uşaqlara göstərilən xüsusi qayğı, diqqət və sevgidən söhbət açıb, tədbirin keçirilməsində dəstək olan hər kəsə öz minnətdarlığını bildirib. Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva sosial məsuliyyətdən, belə tədbirlərdə hər kəsin birlik nümayiş etdirməli olmasından, dövlətin autizmli uşaqlara qayğısından və qəbul olunmuş proqramlardan danışıb. Q.Paşayeva bu sindromdan əziyyət çəkən uşaqları itirməmək, cəmiyyətə qazandırmaq üçün bütün ictimai birlik və qurumları dəstək olmağa çağıraraq tədbirin təşkilatçılarına öz minnətdarlığını bildirib. Modelyer-dizayner Gülnarə Xəlilova və digər sənət adamları öz nitqlərində autizmli uşaqların diqqətə ehtiyacı olduğunu, onların cəmiyyətə qaytarılmasının vacibliyini vurğulayıb və önəmli tədbirin bir parçası olduqları üçün məmnunluqlarını ifadə ediblər.
Çıxışlardan sonra G.Xəlilovanın hazırladığı milli geyimlərdən ibarət kolleksiyanı “Birgə və Sağlam” İctimai Birliyinin reabilitasiya mərkəzinin üzvü olan 10 uşaq nümayiş etdirib. Uşaqları podiuma “Sevimli Bala” uşaq klubunun tərkibində fəaliyyət göstərən Kiddoz Model Agentliyi hazırlayıb. Təşkilatçılar tərəfindən moda nümayişində iştirak edən uşaqlar mükafatlandırılıblar. Tədbir konsert proqramı ilə davam etdirilib.
Autizm üç yaşından əvvəl başlayan və ömürboyu sürən, ictimai qarşılıqlı təsirə və ünsiyyətə zərər verən, məhdud və təkrarlanan davranışlara gətirib çıxaran beynin inkişafına maneə törədən bir xəstəlikdir.
Xatırladaq ki, 2007-ci ildən etibarən Birləşmiş Millətlər Təşkilatı tərəfindən aprel ayı “Ümumdünya Autizm Maarifləndirmə Ayı” elan edilib.