CƏMİYYƏT
“Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” adlı seminar keçirildi
Bakı, 29 aprel, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) sosial sifarişi və maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud (autizm) uşaqlara defektoloji və psixoloji yardım göstərilməsi” layihəsi çərçivəsində Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu və “Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzi” (ADPYM) İctimai Birliyi ilə birgə “Autizmli uşaqların cəmiyyətə inteqrasiyası” adlı seminar keçirilib.
Autizm Defektoloji və Psixoloji Yardım Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbiri giriş sözü ilə Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun (TPİ) direktor müavini Rafiq Qəndilov açıb. O, ölkəmiz üçün aktual olan autizm problemi və ona dair maarifləndirilmə tədbirlərin keçirilməsinin çox vacib olduğunu bildirib.
Tədbirin təşkilatçısı ADPYM-nin sədri, layihə koordinatoru Çiçək Məmmədli çıxış edərək XXI əsrin qlobal problemi hesab edilən autizm ölkəmizdə də ən aktual bir mövzu olduğunu və aparılmış tədqiqatlara görə dünya əhalisinin 1 faizi, yəni 70 milyon əhali autizmin qurbanı olduğunu bildirdi. Ölkəmizdə təxmini 5 minə yaxın uşaq autizm sindromundan əziyyət çəkir. Bu rəqəm artmaq üzrədir. Yaranma səbəbi elmə məlum olmayan autizm sindromu ilə mübarizə günün tələbidir. Ç.Məmmədli bu tədbirin mahiyyətindən, həyata keçirdikləri layihənin uğurlarından, ölkəmizdə autizm sahəsində mövcud problemlərdən, bu sahədə əldə etdikləri uğurlardan və qarşıda duran məsələlərdən danışdı.
Hemofiliyalı Xəstələrin Respublika Assosiasiyasının Prezidenti və Əlil Təşkilatları İttifaqının sədr müavini Gülnara Hüseynovaya autizm probleminin aktuallığından və ölkəmizdə bu sahədə görülən işlərdən məlumat verib.
Tədbirdə layihə çərçivəsində hazırlanmış “Azərbaycanda autizm problemi” adlı sənədli film nümayiş etdirildi.
Mövzu ətrafında geniş müzakirələr aparıldı. Valideynlərin sualları dinlənildi və cavablandırıldı.