SİYASƏT
Avar icması Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunmasını alqışlayır
Bakı, 24 fevral, AZƏRTAC
Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunması xalqımızın və dövlətimizin daha da inkişafı naminə, respublikamızın istər daxili, istər xarici siyasətində, istərsə də mədəni-ictimai həyatında daha böyük əzmkarlıqla fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycanın digər milli etnik nümayəndələri kimi avar ictimaiyyəti də bu təyinatdan çox sevinclidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan-Avar İctimai Birliyinin Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması ilə bağlı açıqlamasında yer alıb.
Açıqlamada deyilir ki, ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin gərgin və prinsipial fəaliyyəti, dövlət xadimi kimi əzmkar mübarizəsi nəticəsində respublikamız dünya dövlətləri sırasında layiqli yerini tutub və bu sahədə uğurlarımız daha da artmaqdadır. Sevindirici haldır ki, Azərbaycan artıq regionun lider dövləti, beynəlxalq aləmdə böyük nüfuz sahibidir. Məhz Prezident İlham Əliyevin ədalətli idarəçiliyi sayəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş, Azərbaycanda milliyyətindən, dilindən və dinindən asılı olmayaraq insanların sülh və əmin-amanlıq şəraitində, dinc yaşaması dövlət siyasəti səviyyəsində həyata keçirilir.
Azərbaycanın bu uğurları qazanmasında Mehriban Əliyevanın əzmkar mübarizəsinin, prinsipiallığının və humanistliyinin böyük rolu var. Onun təşəbbüsü ilə on minlərlə ailə öz sevinc haqqına qovuşub. Mehriban Əliyevanın ictimai, siyasi və mədəni fəaliyyəti olduqca təqdirəlayiqdir və bu fəaliyyət avar ictimaiyyəti tərəfindən də yüksək qiymətləndirilir. Prezident İlham Əliyevlə yanaşı, onun da yorulmaz səylərinin nəticəsidir ki, bu gün Azərbaycanda millətlərarası və dinlərarası dialoq, multikulturalizm prinsipləri daim diqqət mərkəzində saxlanılır və bu sahədə də ölkəmiz böyük uğurlara imza atıb. Mehriban xanımın ölkəmizdəki ayrı-ayrı milli, dini və etnik azlıqlara olan münasibəti, diqqət və qayğısı, Milli Məclisdə dəfələrlə amnistiya aktlarının qəbul olunması sahəsindəki təşəbbüsü minlərlə məhkumun azadlığa çıxmasına səbəb olub. Bu da onun humanist insan olduğunu bir daha sübut edir.
Açıqlamada bildirilir ki, Mehriban Əliyevanın rəhbərliyi ilə Azərbaycanda “Eurovision” müsabiqəsi, birinci Avropa Oyunları və digər çoxsaylı beynəlxalq tədbirlər yüksək səviyyədə keçirilib. Belə tədbirlərdən biri də bu il Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunları olacaq ki, məhz bu kimi böyük tədbirlər ölkəmizə beynəlxalq aləmdə böyük nüfuz qazandırır. Azərbaycan mədəniyyətinin, incəsənətinin beynəlxalq aləmdə təbliği işində Mehriban Əliyevanın misilsiz xidmətləri var.