REGİONLAR
“Əvəsor” bahar təravətli nəğmələri və rəqsləri ilə folklor nümunələrimizi təbliğ edir VİDEO
Astara, 12 yanvar, Bağır Əliyev, AZƏRTAC
Azərbaycan öz qədim folklor nümunələri ilə dünyada tanınır. Bu folklor nümunələri hər bölgədə özünəməxsus şəkildə inkişaf edir. Belə kollektivlərdən biri Astara rayonunun Kakalos kəndində Fəxri Mədəniyyət İşçisi, “Tərəqqi” medallı Fərbiyyə Şabanovanın təşəbbüsü ilə 1965-ci ildə yaradılan “Əvəsor” folklor kollektividir.
AZƏRTAC xəbər verir ki, “Əvəsor” talış dilində “Təzə il”, “Novbahar” mənasını daşıyır. İlk illərdə heyəti üç nəfərdən ibarət olan kollektiv, elə həmin vaxtdan kənd-kənd, oba-oba gəzərək şifahi xalq nümunələrini təbliğ edir.
Hazırda 30 nəfəri özündə birləşdirən kollektiv üzvlərinin ən kiçiyinin 5, ən böyüyünün isə 30-dan artıq yaşı var.
“Əvəsor”un yaradıcısı və rəhbəri Fərbiyyə Şabanova deyir ki, repertuarlarının əsasını anasının sinədəftər bayatıları, nəğmələri təşkil edir. Hazırda kollektivin repertuarında “Talış toyu” kompozisiyası, “Biçində”, “Qardaş, toyun mübarək”, “Naz etmə” rəqsləri, “Lay-lay”, “Elçilik”, “Xınayaxdı” və sair folklor nümunələri var.
Mədəniyyət Nazirliyinin 2000-ci il 12 iyul tarixli qərarına əsasən “Əvəsor” folklor kollektivinə “Xalq kollektivi” adı verilib.
2015-ci ildə 50 illiyini qeyd edən “Əvəsor” folklor xalq kollektivi təkcə rayonda deyil, respublikada keçirilən tədbirlərdə, beynəlxalq festivallarda da uğurla çıxış edir.
Kollektivin üzvləri 1988-ci ildə Rumıniyada, 1991-ci ildə Dağıstanda, 1993 və 1995-ci illərdə Türkiyədə keçirilən folklor festivallarında uğurlu çıxışları ilə tamaşaçıların rəğbətini qazanıblar.
“Əvəsor” folklor xalq kollektivi nəzdində fəaliyyət göstərən “Nəcib qızlar klubu”nun əl işləri respublikada keçirilən müsabiqələrdə mükafata layiq yerləri tutub. Folklor kollektivi haqqında sənədli film də çəkilib.