CƏMİYYƏT
Avqust ayında 7 milyon kvadratmetrdən çox ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib
Bakı, 7 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən avqust ayı ərzində 7 milyon 296 min 238 kvadratmetr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan təmizlənib. Ay ərzində 27 min 7 partlamamış hərbi sursat və piyada əleyhinə 17 mina aşkar edilərək zərərsizləşdirilib.
ANAMA-nın mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyatlarda 505 nəfərlik əməliyyat və 125 nəfərlik inzibati heyət iştirak edib. Əməliyyatlara 6 mexaniki minatəmizləmə maşını və 34 minaaxtaran it cəlb olunub.
İndiyədək cəmi 385 milyon 710 min 321 kvadratmetr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və partlamamış hərbi sursatların sayı 752 min 59 -dur.
Avqustda agentlik tərəfindən təmizləmə əməliyyatları Abşeron, Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Gəncə, Goranboy, Tərtər və eləcə də Qaradağ rayonunun Güzdək qəsəbəsində həyata keçirilib.
Avqustda mina və ya partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.