İQTİSADİYYAT
Avqustda “Şahdəniz” platformasının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək
Bakı, 3 avqust, Nihat Budaqov, AZƏRTAC
“Şahdəniz” layihəsinin illik iş proqramının bir hissəsi olaraq avqustda “Şahdəniz” platformasının, həmçinin Səngəçal terminalındakı Şahdəniz qurğularının planlaşdırılmış dayandırılması proqramı həyata keçiriləcək.
"bp-Azərbaycan" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Tamam Bayatlı AZƏRTAC-a bildirib ki, plana əsasən “Şahdəniz” platformasından hasilat avqustun 2-dən başlayaraq tədricən azalacaq və təxminən 20 gün ərzində dayandırılacaq ki, planlaşdırılmış profilaktik işlər, inspeksiya və layihə işləri effektiv şəkildə aparıla bilsin. Bu, planlaşdırılmış bir iş proqramıdır və normal əməliyyatların bir hissəsidir. Həmin proqramın hazırlığına 2014-cü ilin əvvəllərindən başlanıb və proqram üzrə həyata keçirilən işlər 2015-ci ilin illik iş proqramı və büdcəsinə daxil edilib. Platformanın müvəqqəti dayandırılması həmçinin bu ilin hasilat planına da daxil olunub.
T.Bayatlı qeyd edib ki, “Azəri-Çıraq-Günəşli” (AÇG) yatağından (Mərkəzi Azəri, Şərqi Azəri, Qərbi Azəri, Çıraq, Dərinsulu Günəşli və Qərbi Çıraq paltformalarından) hasilat, həmçinin Bakı-Tbilisi-Ceyhan və Qərb Marşrutu İxrac Boru Kəməri vasitəsilə ixrac əməliyyatları normal davam edəcək. Səngəçal terminalının AÇG və İlkin Neft proqramı hissələri də normal işləyəcək, həmçinin Ceyhan və Supsa terminallarında tankerlərin yüklənməsi və yola salınması cədvəli qrafik üzrə davam edəcək.
Bu planlaşdırılmış proqramlar müntəzəm aparılan inspeksiya, profilaktik işlər və layihənin yerinə yetirilməsi fəaliyyətləri üçündür. Onlar obyektlərin uzunmüddətli təhlükəsiz, etibarlı, bütöv şəkildə, ətraf mühitə ziyan vurmadan istismarı üçün vacibdir və əsasən elə profilaktik təmir və modifikasiya işlərindən ibarət olur ki, həmin işləri yalnız obyektin fəaliyyətini müvəqqəti dayandıraraq həyata keçirmək mümkündür.