İQTİSADİYYAT
Avqustda Vergilər Nazirliyinin Çağrı Mərkəzi canlı əlaqə zamanı 16 mindən çox sualı cavablandırıb
Bakı, 21 sentyabr, AZƏRTAC
2016-cı ilin avqust ayında Vergilər Nazirliyinin Çağrı Mərkəzinin əməkdaşları tərəfindən canlı əlaqə zamanı 16 min 770 sual cavablandırılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, müraciətlərin 29,59 faizi vergi növləri, o cümlədən 11,67 faizi hesabatlar və hesabat formalarının doldurulma qaydaları, 22,25 faizi qeydiyyat, 18,42 faizi elektron xidmətlər, qalanları isə vergi qanunvericiliyi və digər məsələlər barədə olub.
Səsli menyu vasitəsilə məlumat almaq üçün Çağrı Mərkəzinə 3326 zəng daxil olub, 2023 zəng zamanı vergi borcu, 1075 zəng zamanı isə vergilərin növləri ilə bağlı məlumatlar verilib. Hesabat dövründə vergi ödəyicilərinin məlumatlandırılması üçün Vergilər Nazirliyinin təşəbbüsü ilə 68 min 199 SMS göndərilib. Vergi ödəyicilərinin istəyi ilə ikitərəfli mesaj xidmətinin istifadəçilərinə 1409 SMS göndərilib.
Vergilər Nazirliyinin rəsmi internet səhifəsinə avqust ayında 300 min 087 daxilolma qeydə alınıb.
Cari ilin avqust ayı ərzində vergi ödəyicilərinə xidmət strukturlarında qəbul edilmiş vergi ödəyicilərinin sayı 36 min 938 nəfər, göstərilmiş xidmətlərin sayı 63 min 906 olub. Vergi ödəyicilərinə xidmət strukturları tərəfindən ümumilikdə 234 min 717, o cümlədən avqust ayında 7665 sayda ASAN İmza sertifikatı verilib.
Cari ilin avqust ayı ərzində ümumilikdə təqdim edilməli olan 11 min 282 vergi bəyannaməsindən 86,2 faizi vaxtında, onların da 99,7 faizi elektron qaydada təqdim edilib.