ELM VƏ TƏHSİL
Avqustun 1-dən Bakıda məktəbəhazırlıq qruplarına elektron qeydiyyat başlayır
Bakı, 31 iyul, P.İmanova, AZƏRTAC
Avqustun 1-dən etibarən Bakı şəhərinin ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatı başlayacaq.
AZƏRTAC xəbər verir ki, bunu paytaxtın ümumtəhsil müəssisələrində məktəbəhazırlıq qruplarına 2017/2018-ci tədris ili üçün uşaqların elektron qeydiyyatının başlanması ilə bağlı keçirilən mətbuat konfransında Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) informasiya təminatı sektorunun müdiri İlhamə Abdullayeva deyib.
İ.Abdullayeva diqqətə çatdırıb ki, elektron qeydiyyat mektebeqebul.edu.az saytı vasitəsilə həyata keçiriləcək. O deyib: “Bu proses avqustun 1-dən sentyabrın 18-dək elektron sistemdə ərizələrin online qeydiyyatı vasitəsilə aparılacaq. Məktəbəhazırlıq qruplarına məktəblərdə sənəd qəbulu isə avqustun 15-dən sentyabrın sonunadək həyata keçiriləcək. BŞTİ-nin tabeliyində 266 ümumi təhsil müəssisəsində 936 məktəbəhazırlıq qrupu fəaliyyət göstərəcək. Məktəbəhazırlıq qruplarında məşğələlər oktyabrın 2-də başlayacaq. Səkkiz ay davam edən məşğələlər mayın 31-də başa çatacaq. Yeni tədris ili üçün paytaxtın ətraf qəsəbələrində yerləşən ümumtəhsil müəssisələrindəki məktəbəhazırlıq qruplarına daha çox uşağın cəlb edilməsi planlaşdırılır. Yeni tədris ilində məktəbəhazırlıq qruplarına ümumilikdə 25 mindən çox uşağın cəlb olunması nəzərdə tutulur”.