İQTİSADİYYAT


Avqustun 20-dən “Sahil” metro stansiyası bağlanacaq

Bakı, 10 avqust, Elvin Camalov, AZƏRTAC

Avqustun 20-dən “Sahil” metro stansiyası bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

O bildirib ki, metropolitenin 1967-ci ildə istismara verilən ilk 5 stansiyasından biri olan “Sahil” stansiyasında eskalatorların istismar müddəti başa çatıb və onların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Metro stansiyasında aparılacaq əsaslı təmir müddətində quraşdırılmış “LT-3” tipli 3 eskalator sökülərək, yerində Almaniyanın “ThyssenKrupp Fahrtreppe” şirkətinin “Viktoriya” tipli 4 eskalatoru quraşdırılacaq.

N.Paşayevin sözlərinə görə, eskalatorların sökülüb-quraşdırıldığı müddətdə stansiyanın əsaslı təmir olunması da nəzərdə tutulub. Bu işlər çərçivəsində stansiyanın mərmər-qranit örtüyü, istismar müddətini başa vurmaqda olan, köhnəlmiş və müasir dövrün tələblərinə cavab verməyən avadanlıqlar yenilənəcək. Eskalatorların yenisi ilə əvəzlənəcəyi və əsaslı təmir işlərinin yerinə yetiriləcəyi müddət ərzində, birçıxışlı olduğu üçün, “Sahil” metro stansiyasının bağlanması zərurəti yaranıb.

“Qeyd edilənləri nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərin diqqətinə çatdırır ki, “Sahil” stansiyası avqustun 20-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq və qatarlar bu stansiyada dayanmadan “İçərişəhər” və əks istiqamətdə hərəkət edəcək. Təmir işlərinin 2018-ci ilin iyun ayının sonlarına qədər yekunlaşdırılması nəzərdə tutulur. Əsaslı təmirin aparıldığı müddət ərzində sərnişinlərdən getdikləri ünvanı əvvəlcədən nəzərə alaraq, metronun “Sahil” stansiyasına yaxın olan “İçərişəhər” və “28 May” stansiyalarının xidmətindən istifadə etmələri xahiş olunur.

Qeyd edək ki, buna qədər “28 May” stansiyasında aparılmış yenidənqurma tədbirləri çərçivəsində sökülmüş 3 eskalatorun əvəzinə onların yeni tipli 4 analoqu quraşdırılıb. “Sahil” stansiyasında quraşdırılacaq eskalator əvvəlki nəsil eskalatorlardan bir çox üstünlükləri ilə fərqlənəcək.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.