İQTİSADİYYAT
Avqustun 3-dən “Bank Standard”a təyin edilmiş müvəqqəti inzibatçılıq bitir
Bakı, 2 avqust, AZƏRTAC
Avqustun 3-də Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) "Bank Standard" Kommersiya Bankına (KB) təyin etdiyi müvəqqəti inzibatçılıq başa çatır və bankın idarəetməsi yeni idarə heyətinə keçir.
Maliyyə Bazarlarına Nəzarət Palatasının mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, son illər "Bank Standard" Kommersiya Bankının idarə edilməsində və investisiya-kredit siyasətində yol verilmiş nöqsanlar, o cümlədən səmərəsi aşağı olan investisiya layihələrinin maliyyələşdirilməsi onun maliyyə vəziyyətinin pisləşməsinə, problemli aktivlərinin artmasına səbəb olub. Bunun nəticəsində bankın likvidlik və kapital mövqeyi zəifləyib, kreditorlar qarşısında öhdəliklərin icrasında çətinliklər yaranıb. Bankda yaranmış problemlərin tənzimlənməsi məqsədilə MBNP tərəfindən mayın 3-dən etibarən banka 3 ay müddətinə müvəqqəti inzibatçı təyin edilib.
Bankın sistem əhəmiyyətini nəzərə alaraq, iyulun 4-də onun səhmlərinin nəzarət zərfi dövlətə məxsus olan "Azər-Türk Bank" ASC vasitəsilə sanasiya edilməsi haqqında qərar qəbul olunub. Bu proses çərçivəsində "Azər-Türk Bank" ASC tərəfindən "Bank Standard" Kommersiya Bankının idarəedici orqanlarına yeni üzvlər təklif olunub və MBNP tərəfindən müsbət qiymətləndirilib.
Avqustun 2-də MBNP-da "Azər-Türk Bank" ASC rəhbərliyi və "Bank Standard" KB-nin təklif olunan yeni idarə heyət rəhbərliyi ilə görüş keçirilib və bankın gələcək inkişaf strategiyası müzakirə edilib. MBNP rəhbərliyi "Bank Standard" KB-nin maliyyə dayanıqlılığının gücləndirilməsi istiqamətində təklif və tövsiyələrini verib və yeni menecmentə lazımi dəstək göstərməyə hazır olduğunu bildirib.