İDMAN


“Avro-2016”: Portuqaliya tarixdə ilk dəfə Avropa çempionu adını qazanıb VİDEO

A+ A

Bakı, 11 iyul, AZƏRTAC

İyunun 10-da futbol üzrə XV Avropa çempionatının final görüşü keçirilib.

AZƏRTAC xəbər verir ki, Parisin Sen-Deni rayonunun “Stade de Frans” stadionunda keçirilən Portuqaliya-Fransa matçından əvvəl möhtəşəm şou nümayiş etdirilib.

Daha sonra final görüşü start götürüb.

Portuqaliyanın start heyətində Rui Patrisio, Sedrik, Pepe, Fonte, Qerrero, Renato Sançes, Adrien Silva, Uilyam Karvalyo, Joao Mari, Ronaldo və Nani meydana çıxıb.

Fransa millisinin ilk onbirliyində isə Loris, Sanya, Kosielni, Ümtiti, Evra, Poqba, Matuidi, Sissoko, Qrizman, Paye və Jiru yer alıb.

Matçı ingiltərəli Mark Klattenburqun rəhbərlik etdiyi hakimlər briqadası idarə edib.

Final qarşılaşmasında ilk hissədə hesab açılmayıb. İlk yarıda Fransa millisinin müəyyən ərazi üstünlüyü olsa da bu hesabda əksini tapmayıb.

İlk hissədə ən yaddaqalan hadisə isə Portuqaliya yığmasının kapitanının zədələnərək meydanı tərk etməsi olub. Oyunun 25-ci dəqiqəsində Kristiano Ronaldonu Rikardo Quaresma əvəzləyib.

İlk hissədə olduğu kimi, ikinci hissədə də Fransa millisi daha çox hücum edən tərəf olub. Lakin Portuqaliya millisinin qapıçısı Rui Patrisionun inamlı oyunu nəticəsində fransızlar qol vura bilməyiblər. Oyunun sonlarına yaxın isə fransızların heyətində Andre-Pyer Jinyakın vurduğu zərbə qapı dirəyinə dəyib.

Oyunda qalibi müəyyən etmək üçün iki 15 dəqiqədən ibarət əlavə vaxt oynanılıb. İlk 15 dəqiqədə qapılara qol vurulmayıb. İkinci on beş dəqiqəyə Portuqaliya millisi hücumlarla başlayıb. Nəticədə oyunun 109-cu dəqiqəsində Portuqaliya millisinin heyətində Eder fərqlənib. Onun uzaq məsafədən vurduğu zərbə qarşısıalınmaz olub. Qoldan sonra Fransa millisi çox cəhd göstərsə də bu, heç nəyi dəyişməyib. Beləliklə, Portuqaliya yığması tarixində ilk dəfə olaraq Avropa çempionu olub.

Oyundan sonra qalibin mükafatlandırılması mərasimi olub. Gümüş medallar Fransa yığmasının üzvlərinə təqdim edilib. Sonra kürsüyə Portuqaliya millisinin üzvləri çıxıblar. Qızıl medallar və Avropa çempionatının kuboku qalib komandaya təqdim edilib.

Qeyd edək ki, Fransa millisinin üzvü Qrizman altı qolla çempionatın bombardiri olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.